Gənclərimiz sağlamdırsa, ölkəmizin gələcəyi də parlaqdır.

Dövlət
müstəqilliyi qazandığı ilk illərdə Azərbaycanın başqa sahələrlə yanaşı, idman və
gənclər siyasəti də diqqətdən kənarda qalmışdı. Ulu Öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmana və gəncliyə
olan münasibət kökündən dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı
dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bununla da idman sahəsində
yüksəlişin, zəfərlərin bünövrəsi qoyuldu.
Gəncliyə
və idmana olan qayğı qısa müddət ərzində müsbət nəticələr verdi. Azərbaycan bir
idman ölkəsi kimi beynəlxalq aləmdə böyük nüfuz qazandı. İdmançılarımız iştirak
etdikləri müxtəlif yarışlarda qalib gələrək Azərbaycanın adını zirvələrə
qaldırdılar, dünyanın idman arenalarında üçrəngli bayrağımızı dalğalandırdılar.
Azərbaycanın
beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda
bayrağımızın zirvələrdə dalğalanmasını qürur hissi ilə seyr etdikcə qazanılan
bütün zəfərlərin bünövrəsində dövlətin uğurlu idman siyasətinin dayandığını hər
kəs yaxşı bilir. İdmana olan belə münasibət cəmiyyətin uğurlu sabahlarına təminat
yaradır. İdman həm də sülh və sabitlik deməkdir. Müxtəlif idman oyunları,
olimpiadalar, yarışlar dünya dövlətləri arasında əlaqələrin, dostluğun, sülhün əsasını
təşkil edən amillərdəndir.
İdman
sahəsində qazandığı zəfərləri ilə dünyada şöhrət qazanmış Azərbaycanın bu
istiqamətdəki uğurlu fəaliyyəti beynəlxalq idman ictimaiyyəti tərəfindən də
yüksək qiymətləndirilir. Bu həm də Azərbaycanda idman sahəsindəki inkişaf
proseslərinə beynəlxalq miqyasda göstərilən marağın və diqqətin təzahürüdür.
Artıq
Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakter
daşıyır. Dünyanın idman arenalarında layiqli yerini tutmuş Azərbaycanın bir çox
beynəlxalq yarışa evsahibliyi etməsi ölkəmizin təkcə idman sahəsində deyil, digər
sahələrdə də uğurla inkişaf etməsindən xəbər verir. Turizimin və mədəniyyətin
inkişafı ilə yanaşı, iqtisadi əlaqələrin də genişlənməsinə təkan verən müxtəlif
idman yarışlarının təməlində məhz Azərbaycanın iqtisadi cəhətdən hərtərəfli
inkişafı dayanır.
Azərbaycan
dövləti tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğı ölkədə sağlam
nəslin formalaşmasına da geniş zəmin yaradır. Daim formalaşmaqda və inkişafda
olan gənc nəsil vətənimizin sağlam gələcəyi deməkdir. Gənclik və idman
bir-birini tamamlayır. İdmana olan qayğı gəncliyə olan qaygıdır. Gəncliyə olan
qayğı isə sabahımıza, dövlətimizin inkişafına olan qayğıdır. Çünki idman həm də
sağlamlıq deməkdir.
Gənclərimiz
sağlamdırsa, ölkəmizin gələcəyi də parlaqdır. Bu gün gənclərimizin hərtərəfli
formalaşması, ölkə həyatının müxtəlif sahələrində uğurlar qazanması, vətənpərvər
ruhda böyüməsi Azərbaycan dövlətinin uğurlu gənclər siyasətinin nəticəsidir. Gənclərimiz
tək idmanda, yarış meydanlarında deyil, başqa sahələrdə də fəallıqları ilə
seçilirlər. Onlar idmanla bərabər, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də
mühüm nailiyyətlər qazanırlar. Bütün bunlar Azərbaycan Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin fəaliyyəti
üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Ölkəmizdə
idmanın inkişafı daim dövlət başçısının diqqət mərkəzindədir. Bütün regionlarda
gedən uğurlu inkişaf prosesləri göz qabağındadır. Elə bir rayon və şəhərimiz
yoxdur ki, orada idman kompleksi, olimpiya mərkəzi olmasın. İstər ölkə daxilində,
istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları
saysız-hesabsız medallar həm də mədəniyyətimizin təbliğinə və vətənpərvərlik
ruhunun yüksəlməsinə xidmət edir.
Prezident
İlham Əliyev gənclərin idmana olan marağını və qazandıqları qələbələrlə ölkəmizi
dünyada tanıtdıqlarını xüsusi olaraq diqqətə çatdıraraq demişdir: "İdman qələbələri
cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman
ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir".Dövlət başçısının müntəzəm
olaraq qalib idmançılarla, komandalarla görüşməsi, məşqçilərə diqqət və qayğı
göstərməsi onları növbəti qələbələrə ruhlandırır.
Bu
gün gənclərimiz idmana böyük maraq göstərirlər. İdman təkcə yüksək nəticələrin əldə
edilməsi vasitəsi deyil. İdman rəqabət funksiyası ilə yanaşı, gənclərin həyatına
rəngarəng təsir göstərən sosial-mədəni hadisə kimi funksiyalarını da özündə
ehtiva edir. Deməli, o, fiziki məqamlarla yanaşı, mənəvi cəhətdən də gənclərə
ciddi təsir göstərir. Əsas məqsəd də gənclərin və yeniyetmələrin idmanla məşğul
olmasına hərtərəfli şərait yaratmaqdır. Çünki idman cəmiyyətimizin gələcəyi
olan gənclərimizin fiziki və mənəvi cəhətdən inkişaf etməsinə təkan verən
olduqca önəmli bir vasitədir. İdmançı gənclərimiz daim yeni zirvələrə can
atırlar, həyatda özlərini təsdiq etməyə çalışırlar. Müxtəli idman yarışlarında
uğurlar qazanaraq xalqımızın başını uca edirlər. Azərbaycanın idman şöhrətini
dünyaya yayırlar.
Azərbaycanın
müstəqillik qazandığı illərdən bu günə kimi idmançılarımız müxtəlif yarışlarda
ölkəmizin şərəfini layiqincə qoruyublar. Gənc idmançılarımızın arxada qalmış
illər ərzində qazandıqları çoxsaylı medallar Azərbaycanın dünyada tanınmasını və
nüfuz qazanmasını təmin edib. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin təməlini
qoyduğu idman siyasətinin uğurlu nəticələridir. Prezident İlham Əliyevin
idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət
və qayğının nəticəsində Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək
və mötəbər arenalarda bayrağımız həmişə dalğalanacaq. Azərbaycan gəncləri
idmanda qazandıqları qələbələri ilə daim xalqımızı sevindirəcəklər.
Səkinə
Əsgərova,
YAP
fəalı, Hacıqabul rayonu Rövşən Mehbalıyev adına İkinci Udullu kənd tam orta
ümumtəhsil məktəbinin təşkilatçı müavini.



