Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq Məfkurəsinin Zirvəsi: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

2025-12-30 Baxış: 9
img

Hər il 31 dekabr tarixində qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, milli kimlik yaddaşının və dünyaya səpələnmiş milyonlarla soydaşımızın mənəvi birliyinin rəmzidir. Bu günün tarixi və ideoloji məzmunu xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi formalaşmış, zaman keçdikcə həmrəyliyin dövlətçilik səviyyəsində ənənəyə çevrilməsinə xidmət etmişdir. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirən bu gün, hər bir soydaşımıza Vətənlə mənəvi bağını qorumağın müqəddəs məsuliyyət olduğunu xatırladır.

Milyonlarla azərbaycanlının müxtəlif ölkələrdə yaşamasına baxmayaraq, onları vahid milli-mənəvi varlıq kimi birləşdirən ən mühüm dəyər müstəqil Azərbaycan dövlətidir. Bu dəyər yalnız siyasi atribut deyil, həm də ümummilli ideologiyanın – azərbaycançılıq məfkurəsinin mərkəzi dayağıdır. Ümummilli Lider Heydər Əliyevin dərin uzaqgörənliyi ilə təsis olunan həmrəylik günü, tariximizin ən mühüm ideoloji nailiyyətlərindən biri kimi xalqımızı birliyə, milli özünüdərkə və dövlətçilik ideallarına sədaqətə səfərbər etmişdir.

Ulu Öndərin fikirləri bu ideyanın istiqamətverici mahiyyətini açıq şəkildə ifadə edir:

“Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət təşkil edir.” – Heydər Əliyev

Bu milli ideya, yalnız tarixi yaddaşımızı yaşatmır, həm də gələcəyə yönəlmiş milli güc konsepsiyasını formalaşdırır.

XX əsrin sonunda müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının qarşısında duran ən vacib vəzifələrdən biri dünya azərbaycanlılarının təşkilatlanması və vahid ideya ətrafında birləşməsi idi. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər, yalnız siyasi səylərin nəticəsi deyil, həm də milli varlığın qorunmasına yönəlmiş ideoloji strategiya kimi tarixə düşmüşdür.

Xüsusən 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı, diaspor hərəkatının sistemli inkişafının başlanğıcı olmuş, Azərbaycanın beynəlxalq səviyyədə siyasi-sosial dayaqları genişlənmişdir. Qurultayda səslənmiş fikirlər bu gündə də öz aktuallığını qorumaqdadır:

“Bu gün keçirilən Qurultay xaricdə yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni mərhələnin başlanğıcıdır.” – Heydər Əliyev

Müstəqilliyin möhkəmləndiyi XXI əsrdə həmrəylik siyasəti Prezident İlham Əliyev tərəfindən strateji xətt kimi davam etdirilmiş, diaspor diplomatiyası, milli maraqların müdafiəsi və vətəndaş həmrəyliyinin gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunmuşdur.

2011-ci ildə Prezident İlham Əliyevin qurultayda söylədiyi fikirlər həmrəyliyin müasir konsepsiyasının əsas məzmununu özündə cəmləşdirir: “Harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq... Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” – İlham Əliyev

Bu sözlər dünya azərbaycanlılarının güclü Azərbaycan dövləti arxasında birləşdiyi gerçəkliyi təsdiqləyir.

2020-ci il Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər, dünya azərbaycanlılarının həmrəyliyini yeni səviyyəyə qaldırmışdır. Milyonlarla soydaşımızın vətənə dəstəyi və informasiya cəbhəsindəki fəaliyyəti göstərdi ki, milli birlik yalnız mənəvi deyil, siyasi və strateji gücümüzün əsas dayağıdır.

Azərbaycanın qələbəsini izləyən illərdə keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – “Zəfər Qurultayı”, həmrəyliyin yeni tarixi mərhələsinin rəsmi təsdiqi oldu. Qurultayda qəbul edilmiş sənədlər dünya ictimaiyyətinə Azərbaycan xalqının iradəsini, əzmini və haqq səsini bir daha nümayiş etdirdi.

Diaspor diplomatiyası: Uğurlu lobbiçilik strategiyası

Bu gün dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları, Azərbaycanın milli maraqlarının müdafiəsində mühüm rol oynayır. Dövlət dəstəyi sayəsində lobbi hərəkatı güclənmiş, informasiya müharibəsində milli maraqların müdafiəsi sistemli xarakter almışdır. Bu istiqamətdə Azərbaycan diasporu mədəniyyət, siyasət, təhsil, informasiya və iqtisadi müstəvilərdə fəal şəkildə fəaliyyət göstərir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycan xalqının milli birlik idealını, dövlətçilik iradəsini və ümummilli dəyərlər sistemini təcəssüm etdirən tarix və ideologiyadır. Bu gün yalnız milli təqvimdə qeyd olunan bayram deyil — xalqımızın Vətənə sədaqətinin, azərbaycançılıq məfkurəsinin və dövlətçilik ənənələrinin gücünün rəmzidir.

Müstəqil Azərbaycan dövləti var olduqca, dünya azərbaycanlılarının həmrəyliyi xalqımızın mənəvi dayağı, strateji gücü və gələcəyə inamının təminatçısı olaraq qalacaqdır.

 

 

 

 

Bayram Xudayarov,

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.