Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir.

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim
keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Ölkə başçısı
qeyd edib ki, ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə
edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan
medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız
tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu,
bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən
illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki
idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki,
ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Bu il ölkəmizin idman tarixində mühüm və əlamətdar
hadisə baş vermişdir. İlk dəfə olaraq dünyanın ən nüfuzlu və ən çox izlənilən
döyüş təşkilatlarından biri olan UFC (Ultimate Fighting Championship) üzrə beynəlxalq
turnir ölkəmizdə təşkil edilmişdir. Bu hadisə təkcə idman sahəsində deyil, eyni
zamanda ölkənin beynəlxalq imicinin möhkəmləndirilməsi, idman diplomatiyasının
genişlənməsi və gənclərin sağlam həyat tərzinə cəlb olunması baxımından xüsusi əhəmiyyət
kəsb edir. UFC turnirinin ölkəmizdə keçirilməsi Azərbaycanın artıq təkcə ənənəvi
idman növlərində deyil, həm də müasir və qlobal miqyasda böyük maraq doğuran
döyüş idmanlarında etibarlı tərəfdaş və güclü təşkilatçı kimi tanındığını göstərir.
Dünyanın müxtəlif ölkələrindən tanınmış döyüşçülərin, məşqçilərin, hakimlərin və
beynəlxalq idman mediasının nümayəndələrinin ölkəmizə səfəri Azərbaycanın idman
infrastrukturu və təşkilati imkanlarının yüksək səviyyədə olduğunu bir daha
sübut etmişdir. Bu beynəlxalq turnirin təşkili ölkədə son illər ərzində həyata
keçirilən ardıcıl idman siyasətinin məntiqi nəticəsidir. Müasir idman
arenalarının inşası, beynəlxalq standartlara cavab verən zalların istifadəyə
verilməsi, təhlükəsizlik və logistika sahəsində peşəkar yanaşma UFC kimi yüksək
tələblərə malik təşkilatın ölkəmizə etimad göstərməsinə şərait yaratmışdır.
Turnirin uğurla keçirilməsi Azərbaycanı regionda döyüş idmanlarının yeni mərkəzlərindən
birinə çevirmişdir. UFC turniri yerli idmançılar üçün də böyük stimul rolunu
oynamışdır. Gənc və perspektivli döyüşçülər dünya səviyyəli atletləri canlı izləmək,
onların təcrübəsindən faydalanmaq və beynəlxalq idman mühitini yaxından tanımaq
imkanı əldə etmişlər. Bu isə gələcəkdə yerli MMA və döyüş idmanları məktəbinin
formalaşmasına, milli idmançıların beynəlxalq arenalarda daha fəal çıxış etməsinə
zəmin yaradır.
Nəticə etibarilə, UFC üzrə ilk beynəlxalq turnirin Azərbaycanda
keçirilməsi ölkəmizin idman tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu
hadisə Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi sahəsində
qazandığı təcrübəni daha da artırmış, ölkəmizi Qafqaz və region miqyasında
döyüş idmanlarının aparıcı mərkəzlərindən birinə çevirmişdir. Gələcək illərdə
UFC və digər nüfuzlu idman təşkilatlarının turnirlərinin ölkəmizdə davamlı şəkildə
keçirilməsi üçün möhkəm əsaslar formalaşmışdır.
Asif Bayramov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədr müavini
Neftçala Olimpiya İdman Kompleksinin direktoru
Digər xəbərlər



