Diaspor fəaliyyətinin inkişafında mühüm təşəbbüs.

Tarix dəfələrlə
sübut edib ki, milli həmrəylik və ideologiya bir xalqın müstəqilliyi üçün ən
mühüm amildir. Çünki həmrəylik olmadan müstəqillikdən, müstəqillik olmadan
dövlətçilikdən bəhs etmək mümkün deyil. Azərbaycan xalqı xoşbəxt xalqlardandır
ki, onun müstəqillik arzularını gerçəkləşdirən və bu müstəqilliyi milli
həmrəylik və ideologiya üzərində inşa edən ümummilli lider Heydər Əliyev kimi
dühası olub. Ulu öndərin bu siyasi irsi 1991-ci il dekabrın 16-da onun
rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü
haqqında” Qərarın qəbul olunması ilə bir daha təsdiq olunub. Həmin qərara
əsasən 1991-ci ilin 31 dekabr tarixi muxtar respublikada ilk dəfə olaraq həmrəylik
bayramı kimi qeyd edilib. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və
həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid
ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.
Ümummili lider
Heydər Əliyev həmin sessiyadakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini
vurğulayaraq demişdir: “Dünya
Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük
siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər
ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə
qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli
sürülmüşdür”.
Ötən əsrin son
onilliyində atılmış bu addım növbəti illərdə dünya azərbaycanlılarının birlik
və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter
almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol
oynamışdır. Azərbaycanın yenidən bərpa olunmuş müstəqiliyinin ilk kövrək
illərində dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması
və birləşməsi ulu öndərin müstəqil Azərbaycanın gələcək inkişafı üçün həyata
keçirdiyi ən mühüm tədbirlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev milli həmrəyliyimizin
yaradılmasının ulu öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi
üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda Onun
təşəbbüsü ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi elan
edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
Ümummilli lider
Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü həm də buna görə çox
əhəmiyyətlidir ki, həmin dövrdə muxtar respublikada görülən məqsədyönlü işlərdə
milli birlik və həmrəylik ön sırada dayanırdı. İşğal təhlükəsi ilə üz-üzə
qalmış, dünyadan demək olar ki, təcrid olunmuş Naxçıvanın sabaha gedən yolu,
məhz muxtar respublika sakinlərinin ümummilli liderimizin ətrafında sıx
birləşməsi, milli həmrəylik nümayiş etdirməsi ilə mümkün olmuşdur. Təsadüfi
deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan
Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq
olmuşdur.
Dünyasa azərbaycanlılarının
milli həmrəyliyi istiqamətində görülən işlər ulu öndərin 1993-cü ildə xalqın
təkidli tələbindən sonra yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da
genişlənmiş, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması
istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılmışdır. Dünya
azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi
ideyasının müəllifi olmuş ümummilli liderimiz xarici ölkələrə etdiyi çoxsaylı
səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem
və qayğıları ilə yaxından maraqlanmışdır. Bu görüşlər dünyanın müxtəlif
ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri olmuşdur.
Dünya
azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi
yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya
Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may
tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil
edilən qurultay olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən
yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların
Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun
təkmilləşdirilməsi işinə öz böyük töhfəsini vermişdir. Ümummilli lider həmin
qurultayda çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə
kimi önə çəkmiş, bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırmışdır.
Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından
mühüm tədbir olmaqla yanaşı, soydaşlarımızın həyatında tarixi ictimai-siyasi
hadisə kimi yadda qalmışdır. Bu mühüm tədbirdən sonra diaspor
təşkilatlarının fəaliyyətində canlanma yaranmış, dünya azərbaycanlılarını
birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başlamışlar. Görülən
işlərin nəticəsidir ki, hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş
azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi,
ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə
Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından
iştirak edirlər.
Bu gün ümummilli
liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif
ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm
töhfələr vermişdir. Eyni zamanda bugünədək keçirilən qurultaylar ölkədən
kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır.
Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama
əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II
Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə
qədəm qoymasına imkan vermişdir. Ölkə başçısının 2008-ci il noyabrın 19-da
imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə
Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış,
dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının
iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir.
Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III,
2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirilmişdir. Bu qurultaylarda
dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm,
ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etmişlər. Qurultaylar
düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış,
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin
təntənəsinə çevrilmişdir.
Bu gün xarici
ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün
daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik
nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə
çevrilib. Ölkə rəhbərliyi tərəfindən dünya azərbaycanlılarının toplaşdığı
diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində
Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya
çatdırılır. Qürurverici haldır ki, milli birliyimiz və həmrəyliyimiz 2020-ci
ilin sentyabrın 27-də başlayan Vətən
müharibəsində özünü bir daha göstərdi. Bu birliyin nəticəsində hər bir
Azərbaycan vətəndaşı bir yumruq tək birləşərək 30 ilə yaxın düşmən tapdağında
olan torpaqlarımızı işğaldan azad etdi. Dünya Azərbaycan xalqının birliyinə bir
daha şahid oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
demişdir: “Müqəddəs Vətən
müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan
dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri
Qələbəmizə layiqli töhfə olmuşdur”.
Cənubi Qafqaz
regionunun lider ölkəsi olan Azərbaycan bu gün bütün dünya Azərbaycanlılarının
güvənc yeridir. Tarixi Qələbədən keçən beş il müddətdində dünya
azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi
daha dərindən dərk edirlər. Hər kəs anlayır ki, Azərbaycan xalqının
varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya
azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır. Ölkə
Prezidenti cənab ilham Əliyevin Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına
müraciətlərinin birində dediyi kimi: “Ümidvaram ki, harada yaşamalarından asılı
olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə
yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı
qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi,
sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor
təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu
amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca
tutacağına inanıram”.
Nicat Cəfərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala
Rayon Təhsil Sektorunun müdiri
Digər xəbərlər



