İşsizlərə veriləcək təqaüdün məbləği və ödənilməsi qaydası müəyyənləşib

2019-06-02 Baxış: 664
img

02.06.2019

Nazirlər Kabineti “Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nı təsdiq edib.

MAYAKİNFO-nun məlumatına görə, bu Qayda peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydasını müəyyən edir.

İşsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir. Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur.Həmin məbləğdə təqaüd Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır:

- işsiz kimi qeydiyyatı ləgv edildikdə;

- işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

- təhsil müəssisəsindən xaric olunduqda.

Yeni Qaydanın təsdiqi ilə əlaqədar “Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.