Azərbaycanla Ermənistan arasında yollar açılacaq.

Azərbaycanla
Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar
açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan
vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan
üçün də faydalıdır.
Güclü
potensiala, yenilməz ruha və zəngin döyüş təcrübəsinə malik Azərbaycan Silahlı
Qüvvələrinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı şanlı tarix,
həm də regionumuz üçün uzunmüddətli sülhü və sabitliyi təmin edən həlledici
amil rolunu oynadı. Dövlət başçısı vurğulayır ki, hərbi zəfər son deyil, əksinə,
daha təkmil və güclü bir ordu modelinə keçid üçün başlanğıc nöqtəsidir. Bu
yanaşmanın əsas qayəsi tarixi təcrübədən dərs çıxarmaq üzərində qurulub.
Ermənistanın
onilliklər ərzində yaşadığı "yalançı özünütərif" və arxayınlıq
sindromunu nümunə gətirərək, bu cür psixoloji durğunluğun strateji məğlubiyyətə
yol açdığını bəyan edir. Azərbaycan isə bu səhvə yol verməmək üçün 2020-ci ilin
qələbə sevincini səmərəli iş prosesinə çevirərək, müharibənin gedişində müəyyən
edilən boşluqları dərhal aradan qaldırmağa başlayıb. Xüsusilə idarəetmənin təkmilləşdirilməsi
və Silahlı Qüvvələrin yeni çağırışlara uyğun gücləndirilməsi dövlətin əsas
prioritetidir. Beləliklə, Prezidentin mesajı aydındır: Müzəffər dövlət olmaq
yalnız torpaq azad etmək deyil, həm də qazanılan təcrübəni gələcək təhlükəsizlik
üçün mükəmməl bir sistemə çevirmək bacarığıdır.
Ötən
il noyabrın 8-də Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan
Silahlı Qüvvələrinin yüksək müdafiə potensialının parlaq ifadəsi oldu. Yerli
istehsal olan silahların nümayişi potensial rəqiblərə qarşı çəkindirici amil
kimi çıxış edir və eyni zamanda bölgədə sülhün dayağı olan Azərbaycan Silahlı
Qüvvələrində innovativ yanaşmalara üstünlük verildiyini təsdiqləyir. Prezident
İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mövzuya toxunaraq
deyib: “Bununla paralel olaraq yenidən silahlanma, yeni silahlı dəstələrin
yaradılması prosesi gedirdi, mən bu barədə paradda çıxışımda qısaca danışmışam.
Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi nümayiş etdirilməməlidir,
amma zamanı gələcək. İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik.
Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin
vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə
dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə
olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə
inanmağa əsas verir.”
Müasir
müharibələrdə pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, süni
intellekt əsaslı idarəetmə sistemləri, elektron müharibə və kiberməkan həlledici
rol oynayır. Vətən müharibəsində bu reallıqlar təcrübədə təsdiqlənərək yerli
istehsalın, texnoloji çevikliyin əhəmiyyətini açıq şəkildə nümayiş etdirib.
İstehsal sahələrinin rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsinin artırılması
nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin
edilməsinə, eyni zamanda ixrac potensialının genişləndirilməsinə nail olunub.
Müdafiə
sənayesi sahəsində özəl sektorun rolu da artıb ki, hazırda 15 özəl şirkətə
lisenziya verilib. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına
başlayıb. Bu şirkətlər dron texnologiyaları, süni intellekt, elektronika,
radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər
üzrə istehsal və tədqiqatlar aparır. Prezident İlham Əliyevin müdafiə sənayesinin
gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın dövlət idarəçiliyində və
iqtisadi strategiyasında köklü bir transformasiyanın anonsudur. Bu çıxış sadəcə
hərbi gücün artırılması deyil, həm də ölkənin iqtisadi modelinin modernləşməsini
ehtiva edən strateji bir yanaşmadır. Dövlət başçısının qeyd etdiyi ən
fundamental yenilik, uzun illər dövlət inhisarında olan bu strateji sahənin özəl
sektorun üzünə açılmasıdır. Bu addım göstərir ki, Azərbaycan artıq hərbi sənayeyə
yalnız milli təhlükəsizlik aləti kimi deyil, həm də yüksək gəlirli və çevik bir
biznes ekosistemi kimi yanaşır.
Hökmalı Mirzəyev,
Digər xəbərlər



