Azərbaycan beynəlxalq arenada özünü etibarlı tərəfdaş və dost kimi təsdiq edə bilib

2026-01-08 Baxış: 9
img

Sirr deyil ki, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir.Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diqqətə çatdırıb ki, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır: “Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır”.

Digər tərəfdən, regionda, bütövlükdə, Avrasiya geosiyasi məkanında baş verən son mürəkkəb hadisələrin nəticələri bir daha göstərdi ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir.

Azərbaycanın səmərəli xarici siyasət kursundan bəhs edərkən ölkəmizin ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunması da xüsusilə qeyd edilməlidir. Belə ki, ayrı-ayrı ölkələrlə ticari-iqtisadi əlaqələrin dinamik templə davam etdirilməsi siyasi münasibətlərin inkişafına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxşaxəli münasibətlərdə təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirir.Müasir dövrdə beynəlxalq münasibətlər sisteminə təsir edən əhəmiyyətli amillərdən biri regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.

 

           Zaur Qasımov

YAP fəalı, Hacıqabul rayon Navahı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru.