Yeni Reallıqlar Dövründə Azərbaycan: Güc, Sabitlik və Strateji Baxış

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 6 yanvar 2026-cı il tarixində yerli
televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasətinin əsas
prioritetlərini, regional proseslərə baxışını və gələcək inkişaf istiqamətlərini
əhatə edən mühüm siyasi sənəd xarakteri daşıyır.
Müsahibədə
Prezident xüsusilə vurğuladı ki, Azərbaycanın öz ərazisində Zəngəzur dəhlizi ilə
bağlı artıq heç bir problemi yoxdur və regionda kommunikasiya xətlərinin
açılması qaçılmaz prosesə çevrilib. Azərbaycanla Ermənistan arasında yolların
açılması Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar
yaradır.
Dövlət
başçısı son beş il ərzində ordu quruculuğunun fasiləsiz və sistemli şəkildə
aparıldığını qeyd edərək, İkinci Qarabağ müharibəsində əldə edilən Qələbənin
arxayınlıq yaratmadığını, əksinə, daha güclü və çevik Silahlı Qüvvələrin
formalaşdırılmasına təkan verdiyini bildirdi. Güclü tərəflərlə yanaşı, mövcud
çatışmazlıqların aradan qaldırılması, yeni silahlanma və silahlı dəstələrin
yaradılması prosesi paralel şəkildə həyata keçirilib. Zərurət yarandıqda isə
alternativ vasitələr ölçülü və tam nəzarət altında tətbiq olunub.
Bu
gün Azərbaycanın hərbi sənaye kompleksi sürətlə inkişaf edir. Artıq 7 özəl şirkət
hərbi təyinatlı məhsullar istehsal edir və ötən il bu sahədə 1,4 milyard
manatlıq məhsul istehsal olunub. Bu fakt ölkənin müdafiə sahəsində xarici
asılılığını minimuma endirdiyini və strateji müstəqilliyini gücləndirdiyini
göstərir.
Prezident
İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinin faktiki olaraq işləmədiyini,
beynəlxalq münasibətlərin isə son dərəcə gözlənilməz məcrada inkişaf etdiyini
açıq şəkildə ifadə etdi. Bununla belə, İkinci Qarabağ müharibəsindən beş il
sonra beynəlxalq ictimaiyyətin, aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların
yeni reallıqları qəbul etdiyini xüsusi vurğuladı.
Azərbaycanın
mövqeyi dəyişməzdir: ölkə hər zaman həqiqətə və ədalətə sadiq olub və kiminsə
maraqları naminə Azərbaycan vətəndaşlarının həyatını və sağlamlığını riskə
atmaq niyyətində deyil. Yaxın Şərqlə bağlı məsələlərdə də bu prinsip əsas
götürülür. ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılığı ilə bağlı bəyanatının
təəccüb doğurması da məhz bu müstəqil mövqenin göstəricisidir.
Müsahibədə
enerji təhlükəsizliyi və “yaşıl enerji” gündəliyi də ön plana çıxarıldı.
Prezident qeyd etdi ki, Azərbaycanın təkcə külək enerjisi potensialı 150
giqavatdan artıqdır və qısamüddətli planlar çərçivəsində 8 giqavat enerji əldə
edilməsi nəzərdə tutulur. Cənubi Qafqazda, Orta Asiyada və yaxın regionda bu qədər
sərbəst enerji gücünə malik ikinci ölkənin olmaması Azərbaycanın strateji
üstünlüyünü bir daha təsdiqləyir.
Bununla
yanaşı, yol-nəqliyyat sisteminin idarə edilməsi, mikromobilliyin inkişafı və
ictimai nəqliyyata üstünlük verilməsi şəhər mühitində dayanıqlı inkişaf üçün
çıxış yolu kimi dəyərləndirildi.
Ümumilikdə,
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın yeni reallıqlar dövründə güc
amili, iqtisadi dayanıqlıq, enerji liderliyi və müstəqil siyasi xətt üzərində
qurulmuş strateji baxışını aydın şəkildə ortaya qoyur.
Aytən İmanova
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru
Digər xəbərlər



