Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.

Azərbaycan
Respublikası 2026-cı ilə bütün sahələr üzrə böyük uğurlar və mühüm nailiyyətlərlə
qədəm qoymuşdur. 2025-ci il ölkəmizin müasir tarixində sosial-iqtisadi
inkişafın, siyasi sabitliyin və dövlət idarəçiliyində səmərəliliyin daha da
möhkəmləndiyi növbəti uğurlu mərhələ kimi yadda qalmışdır. Ötən il ərzində həyata
keçirilən ardıcıl islahatlar, genişmiqyaslı sosial proqramlar və
investisiyayönümlü iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişaf modelinin
real nəticələrini bir daha nümayiş etdirmişdir.
Yanvarın 5-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin artıq ənənəyə çevrilmiş
yerli televiziya kanallarına müsahibəsi 2025-ci ilin yekunları və qarşıdakı
dövrün əsas prioritetləri baxımından mühüm siyasi və ictimai əhəmiyyət daşıyır.
Dövlət başçısı müsahibə zamanı jurnalistlərin ölkədə iqtisadi və sosial sahələrdə
görülən işlərə, xarici və daxili siyasətə, o cümlədən Azərbaycan–ABŞ münasibətlərinə
dair suallarını ətraflı və əsaslandırılmış şəkildə cavablandırmışdır.
Prezident
İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan dövləti öz inkişaf
strategiyasını milli maraqlara, sosial ədalətə və vətəndaş rifahına əsaslanan
konsepsiya üzərində qurur.
Müsahibədə
Prezident İlham Əliyev cəmiyyətin hər bir üzvünü birbaşa maraqlandıran sosial
siyasət məsələlərinə xüsusi yer ayırmışdır. Dövlət başçısı vurğulamışdır ki,
sosial siyasət hər zaman Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil
edib. Bu siyasətin mərkəzində isə bilavasitə Azərbaycan vətəndaşı dayanır. Ölkənin
ümumi siyasəti həm sosialyönümlü, həm də investisiyayönümlü olmaqla paralel şəkildə
həyata keçirilir.
Son 20 ilin
statistik göstəriciləri bu siyasətin uğurla reallaşdırıldığını aydın şəkildə
sübut edir. Bu müddət ərzində Azərbaycanda minimum əməkhaqqı 40 dəfədən çox
artırılıb. Geniş iqtisadi islahatlar aparılıb, iri neft-qaz layihələri icra
olunub və bu layihələrdən əldə edilən gəlirlər məqsədyönlü şəkildə sosial sahəyə
yönəldilib.
Prezident
İlham Əliyev bu məsələyə toxunaraq bildirib:
“İşğal
dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil
xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi.
Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin
etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.
Prezident
İlham Əliyev qeyd etmişdir ki, vaxtilə sosial sahədə mövcud olan pozuntular və ədalətsizliklər
aradan qaldırılıb, şəffaf və ədalətli mexanizmlər tətbiq olunub. Məhz bu
yanaşma son illərdə genişmiqyaslı sosial islahat paketlərinin icrasına imkan
yaradıb.
Dövlət
başçısının sözlərinə görə, son yeddi il ərzində 5 ciddi sosial islahat paketi həyata
keçirilib. Bu islahatlar 4 milyondan çox vətəndaşı əhatə edib və təqribən 8
milyard manata yaxın vəsait sosial təminatın gücləndirilməsinə yönəldilib.
Müsahibədə
vurğulanıb ki, işğal dövründə 300 mindən çox məcburi köçkün yeni mənzillərlə təmin
edilib, 100-dən artıq yaşayış şəhərciyi inşa olunub. Təkcə ötən il bu məqsədlər
üçün dövlət büdcəsindən 1,4 milyard manat vəsait ayrılıb. Eyni zamanda, ölkədə
maaşların, pensiyaların və sosial müavinətlərin mütəmadi artırılması,
pensiyaların indeksləşdirilməsi sosial dövlət prinsipinin praktiki təzahürüdür.
Son illərdə
uğurla tətbiq edilən özünüməşğulluq proqramı da dövlətin sosial siyasətində
mühüm yer tutur. Artıq 100 mindən çox insan bu proqramla əhatə olunub. Özünüməşğulluq
proqramı işsizliyin azalmasına, vətəndaşların iqtisadi fəallığının artmasına və
ailə büdcələrinin formalaşmasına real töhfə verir.
Qarabağ və Şərqi
Zəngəzur da daxil olmaqla ölkənin bütün bölgələrində yeni iş yerləri yaradılır,
regional inkişaf siyasəti ardıcıl şəkildə həyata keçirilir.
Azərbaycan
dövləti Vətən uğrunda canından keçmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə
xüsusi diqqət və qayğı göstərir. Son illərdə 16 min şəhid ailəsi və müharibə əlili
dövlət tərəfindən mənzillərlə təmin edilib və bu proses bu gün də davam
etdirilir.
Müharibə
zamanı əlil olmuş hərbi qulluqçular dövlət tərəfindən ən müasir protezlərlə təmin
olunur. Artıq 500-dən çox şəxs bu protezlər vasitəsilə normal həyata qayıdıb. Həmin
kateqoriyadan olan vətəndaşlara minik avtomobilləri verilir. Bu sahədə göstərilən
qayğı və sosial dəstək dünya miqyasında nadir nümunələrdəndir.
Son 20 il ərzində
Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana və tibb müəssisəsi tikilmiş və
ya əsaslı təmir olunmuşdur. Təhsil və səhiyyə sahələrində aparılan islahatlar
insan kapitalının inkişafına, cəmiyyətin uzunmüddətli rifahına xidmət edir.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatın artımı ilk növbədə sosial sahələrə
ayrılan vəsaitin həcmini artırır. Bu yanaşma Azərbaycan dövlətinin iqtisadi və
sosial siyasətinin ayrılmaz tərkib hissəsidir.
Prezident
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir daha sübut etdi ki,
Azərbaycan güclü iqtisadiyyata, sosial ədalətə və vətəndaş rifahına əsaslanan
müasir dövlət modelini uğurla reallaşdırır. 2026-cı ilə böyük uğurlarla daxil
olan Azərbaycan qarşıdakı illərdə də davamlı inkişaf yolunda inamla irəliləyəcək,
əldə olunan nailiyyətlər daha da möhkəmləndiriləcəkdir.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları”
Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



