Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir

Prezident
İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni
dövrdəki strateji hədəflərini müəyyən edən fundamental bir siyasi proqram
xarakteri daşıyır. Bu tarixi müsahibə, sadəcə, keçən ilin hesabatı deyil, həm də
qalib bir dövlətin xaos içində olan dünyaya təqdim etdiyi sabitlik
manifestidir. Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi
arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini
sıfra endirdiyini bir daha sübut etdi. O, xüsusilə beynəlxalq maliyyə reytinqlərindəki
yüksəlişi və qızıl ehtiyatlarının artırılmasını strateji bir zireh kimi
xarakterizə etdi. Müsahibənin ən mühüm məqamlarından biri ABŞ-dakı yeni
administrasiya və qlobal güc mərkəzləri ilə münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq
müstəvisinə keçididir. Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin
hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir.
Komando birliklərinin sayının sürətlə artırılması və yerli müdafiə sənayesinin
ixrac potensialının yüksəlməsi regionda sülhün ən böyük təminatçısının məhz Azərbaycan
Ordusu olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin "Biz hər şeyə
hazırıq" mesajı revanşist qüvvələrə və onların xaricdəki havadarlarına
verilmiş ən ciddi xəbərdarlıq idi. İşğaldan azad edilmiş ərazilərdəki bərpa
prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin
başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair
güclü iradənin olduğunu nümayiş etdirib.
“Zəngəzur
dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə verilən
analitik şərhlər Azərbaycanın qlobal logistik qovşaq statusunu möhkəmləndirir.
Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir
strateji layihə reallaşa bilməz. Müsahibədə sosial ədalət prinsiplərinə və vətəndaş
rifahına ayrılan xüsusi yer xalq-iqtidar birliyinin nə qədər səmimi təməllər üzərində
qurulduğunun bariz nümunəsidir. Milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan
dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə
və kimliyinə olan dərin bağlılığının təzahürüdür. Müsahibənin hər bir cümləsi
dövlət sükanının etibarlı, müdrik və qətiyyətli bir əldə olduğunun təsdiqidir.
Prezident İlham Əliyevin simasında dünya siyasi elitası xaos erasında öz ölkəsini
zəfərdən-zəfərə aparan dahi bir strateqin portretini görür. 2026-cı ilin ilk
günlərində səslənən bu fikirlər Azərbaycanın "Qızıl” dövrünün
davamlılığını və liderlik ambisiyalarının miqyasını bir daha hər kəsə göstərdi.
Bu müsahibə modern Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən mühüm sənədlərindən
biri kimi yaddaşlara həkk olundu.
Pərvanə
Səfərova
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi
Digər xəbərlər



