Ölkəmizin bərpa olunan enerji potensialı daha da genişlənir

Yanvarın
8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik
Stansiyasının rəsmi açılışı ölkəmizin enerji tarixində əlamətdar hadisə kimi
yadda qaldı. Bu stansiyanın istifadəyə verilməsi Azərbaycanın bərpaolunan
enerji mənbələrinin inkişafına verdiyi strateji önəmi, enerji təhlükəsizliyinə
yönəlmiş ardıcıl siyasəti və ekoloji dayanıqlığı təmin etmək məqsədini nümayiş
etdirir. Gücü 240 meqavat olan bu müasir stansiya ölkəmizin enerji balansını
gücləndirməklə yanaşı, iqtisadi inkişafın sürətlənməsinə və “yaşıl enerji”
strategiyasının reallaşmasına da mühüm töhfə verəcək. Prezident İlham Əliyev
açılış mərasimində layihənin icrasında əməyi olan bütün şəxslərə və “ACWA Power”
şirkətinə təşəkkürünü bildirdi, ölkəmizdə bərpaolunan enerji sahəsində gələcək
planların uğurla həyata keçiriləcəyini vurğuladı.
Azərbaycanda
enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı son illər
dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Son 20
ildə ölkəmizin enerji infrastrukturu, o cümlədən generasiya gücləri, iri
yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Bu müddət ərzində
yaradılan yeni generasiya gücləri əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə
artaraq ümumi generasiya gücünü 10 min meqavata çatdırmışdır ki, bu da tarixi
rekord hesab olunur. Növbəti illərdə bərpaolunan enerji generasiya güclərinin
artırılması planlaşdırıldığından bu rəqəm daha da yüksələcək və bu, həm artan
daxili tələbatın etibarlı şəkildə təmin olunmasına, həm də elektrik enerjisinin
daha böyük həcmdə ixracına imkan verəcəkdir. Keçən il Mingəçevirdə istismara
verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavat
olub və bu gün Azərbaycan enerji təminatı və enerji təhlükəsizliyi baxımından
özünü tam rahat hiss edir. Dövlət başçısı qeyd etdi ki, bərpaolunan enerji sahəsində
də mühüm addımlar atılır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş Elektrik
Stansiyası istifadəyə verilmiş, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək
Elektrik Stansiyası isə artıq fəaliyyətə başlamışdır. Eyni zamanda, işğaldan
azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda üç Günəş Elektrik
Stansiyasının inşası davam edir və onların ümumi potensialı 340 meqavat təşkil
edir. Bu layihələr Azərbaycanın enerji strategiyasının davamlı və balanslı şəkildə
inkişaf etdiyini, həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin paralel
inkişaf etdirildiyini açıq şəkildə nümayiş etdirir. Bu gün ölkəmizin müxtəlif
yerlərində bərpaolunan enerji növləri inkişaf edir: ”Növbəti böyük
stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad
edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu
gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki,
istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ
Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı
külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir.
Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan
bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.
Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də
böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm.”
Azərbaycanda
formalaşmış əlverişli investisiya iqlimi ölkəmizin uzunmüddətli və düşünülmüş
iqtisadi siyasətinin real nəticəsidir. Son illərdə həyata keçirilən iqtisadi
islahatlar nəticəsində ölkəmiz xarici investorlar üçün etibarlı və cəlbedici tərəfdaşa
çevrilmişdir. Təsadüfi deyil ki, indiyədək Azərbaycana 300 milyard dollardan
artıq xarici sərmayə cəlb olunmuşdur ki, bu da beynəlxalq biznes dairələrinin
ölkəmizə olan yüksək etimadının bariz göstəricisidir.
Bu
gün Azərbaycanın maliyyə vəziyyəti son dərəcə müsbətdir. Aparılan islahatlar və
əldə edilmiş iqtisadi uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən
də yüksək qiymətləndirilmişdir. Nəticədə ölkəmizin kredit reytinqi artırılaraq investisiya
səviyyəsinə və müsbət proqnoza malik statusa yüksəldilmişdir. Bu göstəricilər
investorlar üçün risklərin minimuma endirildiyini və Azərbaycanın iqtisadi
mühitinin sabit və perspektivli olduğunu açıq şəkildə nümayiş etdirir.
Ölkəmizdə
bərpaolunan enerji potensialı sürətlə artır və bu, bizə enerjini saxlamaq üçün
müasir infrastrukturun yaradılmasını tələb edir. Bu məqsədlə tarixdə ilk dəfə
olaraq Batareya Enerji Saxlanc Sistemi ölkəmizdə istifadəyə veriləcək. İlk
layihənin həcmi 250 meqavatdır və “AzərEnerji” öz vəsaiti hesabına bu sistemi
icra edir. Artan enerji potensialı gələcəkdə daha çox Batareya Enerji Saxlanc
Sistemlərinin yaradılmasını zəruri edir. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda
dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyası inşa edilib və
onların ümumi gücü 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərdə isə
hazırlanmış xəritəyə əsasən təqribən 500–600 meqavat gücündə kiçik su elektrik
stansiyalarının inşası nəzərdə tutulur. Bu layihələr ölkəmizin enerji müstəqilliyini
gücləndirəcək və bərpaolunan enerji sahəsində yeni dövrün əsasını qoyacaq. Dövlət
başçımız bildirib ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması
xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir: “Bu
layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti
xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun
illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də
olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək.
Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki
Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.”
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.



