Xızı-Abşeron Külək Elektrik Stansiyası: Güclü İqtisadiyyat və Dayanıqlı İnkişaf Strategiyası

2026-01-12 Baxış: 9
img

 

8 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji və iqtisadi inkişafında mühüm mərhələ oldu. Dövlət başçısının çıxışı ölkənin həm enerji təhlükəsizliyi, həm də investisiya cəlbediciliyi baxımından əldə etdiyi uğurları aydın şəkildə ortaya qoydu.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda formalaşmış sabit və etibarlı investisiya iqlimi nəticəsində indiyədək ölkə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu göstərici Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı tərəfdaş olduğunu təsdiqləyir.

Çıxışda Azərbaycanın maliyyə dayanıqlığı da xüsusi qeyd olundu. Bildirildi ki, ölkənin xarici borcu ÜDM-nin təxminən 6 faizindən bir qədər çoxdur, bu isə dünya miqyasında çox aşağı göstərici hesab olunur və güclü iqtisadi idarəetmənin nəticəsidir.

Prezident İlham Əliyev eyni zamanda bərpaolunan enerji layihələrinin genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayaraq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ekoloji cəhətdən təmiz enerji istehsalına, enerji balansının şaxələndirilməsinə və dayanıqlı inkişafa mühüm töhfə verəcəyini bildirdi.

Bu çıxış bir daha göstərdi ki, Azərbaycan güclü iqtisadi əsaslara, məsuliyyətli maliyyə siyasətinə və gələcəyə hesablanmış enerji strategiyasına malik dövlətdir.

 

 

         Aytən İmanova,

         YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.