Xızı–Abşeron” Külək Elektrik Stansiyası: Azərbaycanın dayanıqlı enerji strategiyasının növbəti uğuru

8
yanvar 2026-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək
Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji siyasətində və “yaşıl
enerji” strategiyasında mühüm mərhələ kimi tarixə düşdü. Dövlət başçısının mərasimdəki
çıxışı ölkəmizin iqtisadi gücünü, investisiya cəlbediciliyini və maliyyə
sabitliyini bir daha nümayiş etdirdi.
Prezident
İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanda formalaşmış sabit siyasi
mühit və düşünülmüş iqtisadi siyasət nəticəsində ölkəmizdə son dərəcə əlverişli
investisiya iqlimi mövcuddur. Təsadüfi deyil ki, bu günədək Azərbaycana 300
milyard dollardan artıq xarici sərmayə cəlb olunub. Bu rəqəm ölkəyə olan yüksək
beynəlxalq etimadın və həyata keçirilən islahatların real nəticəsidir.
Dövlət
başçısı xüsusilə qeyd etdi ki, cəlb olunan investisiyalar təkcə neft-qaz
sektoruna deyil, eyni zamanda qeyri-neft sahələrinə, o cümlədən bərpa olunan
enerji layihələrinə yönəldilir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası da bu
siyasətin bariz nümunəsidir və Azərbaycanın yaşıl enerjiyə keçid prosesində
mühüm rol oynayacaq.
Prezident
İlham Əliyev çıxışında ölkəmizin maliyyə dayanıqlılığına da diqqət çəkdi.
Bildirdi ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir və ümumi daxili məhsulun
təqribən 6 faizindən bir qədər çoxunu təşkil edir. Bu göstərici Azərbaycanı
dünya miqyasında ən az borcu olan ölkələr sırasına daxil edir və güclü iqtisadi
idarəetmənin nəticəsidir.
“Xızı–Abşeron”
Külək Elektrik Stansiyasının istifadəyə verilməsi həm enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.
Layihə eyni zamanda regionlarda yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın
artmasına xidmət edir.
Prezident
İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız bugünkü iqtisadi
uğurlarla kifayətlənmir, eyni zamanda gələcək nəsillər üçün dayanıqlı, müasir və
ekoloji cəhətdən təmiz enerji sistemi qurmağı strateji hədəf kimi qarşıya
qoyub.
Dövran Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, hacıqabul rayon Mərkəzi
Kitabxanasının direktoru.



