Regional inkişaf proqramlarının icrası çərçivəsində Neftçala rayonunda da genişmiqyaslı içməli su və suvarma layihələri həyata keçirilmişdir.

2026-01-15 Baxış: 95
img

Son 20 il ərzində ölkə ərazisində geniş infrastruktur layihələri icra edilmişdir. Uğurla icra edilən  regional inkişaf proqramları nəticəsində Bakı şəhəri ilə yanaşı rayonlarda da əsas infrastruktur məsələləri öz həllini tapmışdır. Elektrik enerjisi, qazlaşma ilə yanaşı içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olmuşdur.


Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar tarixində keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə ölkə başçısı qeyd etmişdir ki, vaxtilə insanları narahat edən ciddi məsələlərdən biri kimi içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olmuşdur. Həmin məsələlər tədricən öz həllini tapmış, əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri uğurla icra edilmiş və bu gün də davam etdirilməkdədir.


Neftçala rayonunda da bu istiqamətdə son illər genişmiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icra edilmiş və Neftçala şəhərinin içməli su təchizatı sistemləri istismara verilmiş, rayonun içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinin  problemi həll edilmişdir.


Neftçala rayonunun qərb hissəsində yerləşən Xolqarabucaq, Dördlər, Mürsəqulu, Xolqaraqaşlı, Xəzər və Qırmızıkənd, eləcə də Aşağı Surra kəndlərinin 13 min 400 hektar əkin sahələrinə qədər 47,5 kilometr uzanan Akuşa kanalı uzun müddət istismar olunduğundan məcrası genişlənmiş, nəticədə su itkisi kəskin artmış və faydalı iş əmsalı xeyli aşağı düşmüşdü. Yay aylarında Akkuşa kanalı əsasən Salyan rayonunun ərazisində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin etmək gücündə olduğu üçün kanalın sonunda olan Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsində ciddi çətinliklər yaranmışdır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı çox aşağı düşmüşdür. Ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Bu məqsədlə “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsi 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilmiş və 2006-cı ildən icrasına başlanılmışdır.


Layihəyə əsasən rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 25 kilometrə yaxın olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılmışdır. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilmişdir. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanmışdır. Görülən işlər nəticəsində rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilmiş, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaratmışdır. 24 sentyabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Neftçala magistral kanalı istifadəyə verilmişdir.


Neftçala rayonunun fasiləsiz içməli su ilə təmin edilməsi məsələsi də ölkə rəhbərinin diqqətindən kənarda qalmamışdır. 2014-cü ilin may ayının 28-də Neftçala rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Preziden İlham Əliyev qeyd etmişdir ki, rayonun əsas problemlərindən biri də içməli su məsələsidir. Cənab Prezident bildirmişdir ki, Neftçala sakinləri təmiz içməli su ilə tam şəkildə təmin edilməlidir.


Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ilin iyun ayında icrasına başlanan Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilmiş və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilmişdir. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunmuşdur. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri də yekunlaşmışdır. Layihə çərçivəsində həmçinin Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilib və 5060 sayğac quraşdırılaraq şəhərin su təchizatı sisteminin yenidən qurulması işləri tam yekunlaşmışdır. Eyni zamanda, şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos stansiyası və məhsuldarlığı gündə 4 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Prezidenti İlham Əliyev 2024-cü ilin yanvar ayının 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak etmiş və içməli su təchizatı sistemlərini işə salmışdır.



Xüsusi olaraq qeyd etmək lazımdır ki, yeni yaradılmış infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilib. Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilmişdir.

 

Ülvi Fərzəliyev,

YAP Neftçala rayon təşkilatının sədri