Məkrli niyyətlərin ifşası

Tarixin
müəyyən məqamları var ki, hadisələrin arxasında gizlədilən niyyətləri bütün
çılpaqlığı ilə üzə çıxarır. 1990-cı ilin 20 Yanvar gecəsi də məhz belə bir həqiqət
anı oldu. Sovet hakimiyyəti illər boyu “xalqlar dostluğu”, “bərabərlik” və
“sosialist humanizmi” kimi şüarlarla pərdələdiyi imperiya mahiyyətini həmin gecə
Bakıda törətdiyi qırğınla açıq şəkildə nümayiş etdirdi. Bu faciə sadəcə hərbi
müdaxilə deyil, uzun müddət planlaşdırılmış məkrli siyasi niyyətlərin açıq
icrası idi.
SSRİ
rəhbərliyinin əsas məqsədi Azərbaycanda güclənən milli azadlıq hərəkatını
boğmaq, xalqın müstəqillik iradəsini qorxu və zor vasitəsilə sarsıtmaq idi.
Dinc əhaliyə qarşı ağır texnika və müxtəlif tipli silahlardan istifadə edilməsi
göstərdi ki, məsələ ictimai asayişin qorunması deyil, milli iradənin qırılması
planı idi. Bu, imperiya düşüncəsinin Azərbaycan xalqına qarşı son, lakin ən qəddar
cəhdi idi.
Hadisələrdən
əvvəl məqsədli şəkildə yaradılan gərgin ictimai-siyasi vəziyyət, informasiya
manipulyasiyası və təxribat xarakterli addımlar sovet rəhbərliyinin ikiüzlü
siyasətinin tərkib hissəsi idi. Xalqın haqlı tələbləri təhrif edilir, milli
oyanış “ekstremizm” kimi təqdim olunur, zorakılığa ideoloji əsas yaratmağa
çalışılırdı. Lakin 20 Yanvar gecəsi bu saxta arqumentlərin hamısı ifşa olundu.
Tankların
yaşayış məhəllələrinə yeridilməsi, fövqəladə vəziyyət elan edilmədən hərbi əməliyyatlara
başlanması, mülki şəxslərə atəş açılması göstərdi ki, sovet rejimi hüquq
anlayışını tamamilə itirmişdi. Qadın, qoca, uşaq demədən insanların qətlə
yetirilməsi imperiya siyasətinin əsl simasını bütün dünyaya göstərdi. Bu, təkcə
Azərbaycan xalqına deyil, bəşəri dəyərlərə qarşı yönəlmiş cinayət idi.
Faciənin
gedişində və ondan sonra sovet hakimiyyətinin davranışı da məkrli niyyətlərin
sübutuna çevrildi. Hadisələr gizlədilməyə çalışıldı, informasiya blokadası tətbiq
olundu, günahkarlar məsuliyyətdən yayındırıldı. Lakin bu cəhdlər əks effekt
verdi. Xalq başa düşdü ki, bu rejimlə gələcək qurmaq mümkün deyil və müstəqillik
artıq seçim yox, tarixi zərurətdir.
20
Yanvar faciəsi, eyni zamanda, milli şüurun dönüş nöqtəsi oldu. Xalq imperiya
yalanlarından ayıldı, “qardaşlıq” pərdəsi altında gizlədilən zorakılıq siyasətini
açıq şəkildə gördü. Bu faciə insanların yaddaşında qorxu deyil, siyasi ayıqlıq
yaratdı və azadlıq ideyasını daha da gücləndirdi.
Bu
hadisələrə obyektiv və cəsarətli mövqe Ulu Öndər Heydər Əliyev tərəfindən
ortaya qoyuldu. O, Moskvada sovet rəhbərliyini açıq şəkildə ittiham edərək, törədilən
qanlı cinayətin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Məhz Ulu Öndərin
siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələri sonradan dövlət səviyyəsində
düzgün qiymətləndirildi və bu faciə Azərbaycan tarixində öz real yerini aldı.
Bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və
prinsipial siyasət 20 Yanvar faciəsinin dərslərinə əsaslanır. Dövlətin
suverenliyi, milli təhlükəsizlik və güclü ordu quruculuğu imperiya düşüncəsinin
bir daha Azərbaycan xalqına faciə yaşatmaması üçün atılan tarixi addımlardır.
20
Yanvar hadisələri sovet rejiminin məkrli niyyətlərini ifşa etməklə yanaşı, Azərbaycan
xalqının siyasi yetkinliyini də nümayiş etdirdi. Bu faciə göstərdi ki,
zorakılıq və repressiya ilə xalqın azadlıq iradəsini sındırmaq mümkün deyil.
Əksinə, həmin gecə tökülən qan müstəqil dövlətçiliyin ideoloji təməlini möhkəmləndirdi
və Azərbaycan xalqını tarix səhnəsinə öz taleyinə sahib çıxan bir millət kimi
çıxardı.
Ağaş Paşayev,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər



