1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir.

1990-cı
ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. Bu
tarix eyni zamanda milli şüurun silkələndiyi, azadlıq ideyasının qorxu səddini aşdığı
və xalqın öz taleyinə sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdiyi
taleyüklü bir mərhələdir. 20 Yanvar həm hüznün, həm də milli oyanışın eyni anda
yaşandığı nadir tarixi hadisələrdəndir.
Sovet
imperiyasının süqut ərəfəsində Azərbaycanda baş verən proseslər mərkəzi
hakimiyyəti ciddi şəkildə narahat edirdi. Xalqın artan milli özünüdərk hissi,
müstəqillik tələbləri və azadlıq çağırışları imperiya üçün qəbuledilməz idi. Məhz
bu səbəbdən Bakıya yeridilən qoşunlar vasitəsilə Azərbaycan xalqının iradəsini
sındırmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi güdülürdü.
Lakin
20 Yanvar gecəsi sovet rejiminin planladığından tamamilə fərqli nəticə ortaya
çıxdı. Qadın, qoca, uşaq demədən günahsız insanların qətlə yetirilməsi xalqda
qorxu deyil, dərin nifrət və müqavimət ruhu formalaşdırdı. Bu qanlı hadisə
sovet ideologiyasına olan son inam qırıntılarını da məhv etdi və imperiya miflərini
xalqın gözündə darmadağın etdi.
Faciə
göstərdi ki, Azərbaycan xalqı zorakılıq qarşısında geri çəkilən deyil. Əksinə,
20 Yanvar şəhidlərinin qanı milli birliyi möhkəmləndirdi, azadlıq ideyasını
ümumxalq amalına çevirdi. İnsanlar başa düşdü ki, müstəqillik kənardan verilən
hədiyyə deyil, ağır qurbanlar bahasına qazanılan tarixi haqqdır.
20
Yanvar hadisələri həm də milli ləyaqətin bərpası idi. Tankların qarşısına əliyalın
çıxan insanlar öz cəsarəti ilə tarix yazdı. Şəhidlərin dəfni zamanı milyonlarla
insanın küçələrə çıxması sovet rejiminə qarşı açıq etiraz idi və bu, artıq
qorxu divarının dağıldığını göstərirdi. Xalq mənəvi baxımdan qalib gəlmişdi.
Bu
faciənin siyasi mənasının dərk olunması və düzgün qiymətləndirilməsi müstəqil
dövlətçilik baxımından həlledici əhəmiyyət daşıyırdı. Məhz buna görə də
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələri
dövlət səviyyəsində obyektiv qiymət aldı. Bu, faciənin təkcə emosional xatirə
yox, milli dövlətçilik tarixinin mühüm mərhələsi kimi qəbul edilməsini təmin
etdi.
20
Yanvar hadisələri sonrakı illərdə Azərbaycanın qarşılaşdığı bütün sınaqlarda
ideoloji dayaq rolunu oynadı. Torpaqlarımızın işğalı, müharibə illəri və çətin
dövlət quruculuğu mərhələlərində xalq məhz həmin faciədən çıxarılan dərslər əsasında
mübarizə apardı. Şəhidlik anlayışı milli ideologiyanın ayrılmaz hissəsinə
çevrildi.
Bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər,
suverenliyin tam bərpası və güclü dövlət modelinin formalaşması 20 Yanvar şəhidlərinin
müqəddəs amalının reallaşmasıdır. Müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə
müdafiə edən Azərbaycan dövləti həmin faciədən doğan iradənin nəticəsidir.
1990-cı
ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqının yaddaşında yalnız kədər günü
kimi deyil, milli dirçəlişin başlanğıcı kimi yaşayır. Bu tarix sübut etdi ki,
zorakılıqla xalqın yolunu kəsmək mümkün deyil. Əksinə, 20 Yanvar faciəsi Azərbaycan
xalqını tarix səhnəsinə azad, qürurlu və müstəqil dövlət qurmaq əzmində olan
bir millət kimi çıxardı. Bu gün yaşadığımız müstəqil Azərbaycan həmin qanlı gecənin
ən böyük tarixi cavabıdır.
Elmira Kazımova,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala rayon Mədəniyyət Mərkəzinin
direktoru
Digər xəbərlər



