20 Yanvar hadisələrinin ifşa olunmasında Ulu Öndər Heydər Əliyevin rolu.

Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş
tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir.
Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən
doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir.
Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti
və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.Xalqımızın böyük
oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri
cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və
sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu Öndər onu tarixi qəhrəmanlıq nümunəsi
kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir.
Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,
onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata
keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları,
atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini
anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi
qaynağıdır.
Biz
yaxın tarixin müdhiş faciəsinə Heydər Əliyevin nəzərləri ilə baxanda nələri
görür və yəqin edirik? 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı
sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq,
bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə
ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına
irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi
və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və
qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.
Törədilmiş
vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan
kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi
gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli
bir güc-gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və
mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin
açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.
Gecənin
qana bələdiyi şəhərin yaralarına gur işıq salan o qırğın səhəri vətəndaşı
olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız gur axınlarla Mərkəzi
Komitə deyilən respublikanın baş qərargahına tərəf axışıb, gecəni burada
keçirmiş, qorxub-çəkinmədən yerində dayanaraq zirehli texnikanın əhatəsində
qalmış dinc, əliyalın soydaşlarımıza qoşulmağa can atırdı. Qəzəblənmiş insan
seli çox keçmədi ki, zirehli texnikadan “hörülmüş” dəmir hasarı uçuraraq,
sanki, alov püskürən böyük bir vulkana döndü. Qəzəb püskürən çıxışlarda qanlı ədalətsizlik
hiddətlə lənətlənir, sovet rəhbəri Mixail Qorbaçov cəllad adlandırılırdı.
İmperiyanın dördüncü böyük, cənubun isə ən böyük şəhərini gecənin qaranlığında
gülləbaran edərək işğal etmiş sovet rejimi öz qanlı əməlinin girovuna çevrilərək
bu mənzərələri acizliklə seyr etməyə məhkum olmuşdu.
O
anlarda və saatlarda Bakıda baş verənləri nəfəs dərmədən izləyən Kremlin gücü
bir ona çatırdı ki, hər yeri silahlı nəzarətdə saxlasın, bir də Azərbaycanda
yaratdığı informasiya zülmətində baş verənləri dünya ictimaiyyətindən gizlətsin,
az-çox sızan məlumatları isə “zəruri addım, vəziyyətin nizama salınması” kimi qələmə
versin.
Ümummilli
lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə,
onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə
yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət
edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər
xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü
ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin
2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar
günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.
Ümummilli
lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin
yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər
xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Prezident
İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin
əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının
sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı ilə şəhid
ailələrinə təqaüd verilir. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər
xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 29 il keçməsinə baxmayaraq,
xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə,
xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan
xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20
Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində
geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü
respublikanın bütün şəhər və rayonlarında qeyd olunur.
Xalq
o günlərdə böyük bir həqiqəti-- həqiqi liderin meydanda olmamasını da bütün
mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-- qüdrətli liderin
yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə
hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli lider 1990-cı il
yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək
qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi,
təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin
ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
SSRİ-nin
hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və
cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər
şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borclarını və milli mövqelərini
nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21
yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də
imperiyanın mərkəzində, Moskvada.
20
Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə
tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin,
xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından
keçərək şəhidlik zirvəsinə yüksəldilər. Vətənin azadlığı, suverenliyi uğrunda
özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Nəhayət,
ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində
qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın
istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü
idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini
ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir
tarixdir.
Zaur Qasımov,
YAP fəalı, Hacıqabul rayon Navahı qəsəbə
2 nömrəli tam orta məktəbin direktoru.
Digər xəbərlər



