20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

1990-cı
il yanvarın 20-də baş vermiş qanlı hadisədən 36 il ötür. Hər il Ümumxalq Hüzn
günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi
uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün
Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
Sovet
İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz
olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən
əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı
artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və
Dağlıq Qarabağda separatizm meyllərinin qızışdırılması onsuz da mürəkkəb olan
ictimai-siyasi vəziyyəti daha gərginləşdirirdi.
Beləliklə,
bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən
isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə
bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait
yaratdı.1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun
hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və
müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif
rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən
artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər
şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq
olmuşdur.
Ümummilli
Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına
ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist
partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə
pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə
etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər
Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı,
qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.
Sonradan
xalqın təşəbbüsü ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə
Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin, Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar
faciəsi zamanı həlak olmuş 147 şəhidə “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev də 20 Yanvar şəhidi
ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət
başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və
şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilir.
1990-cı
ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini
ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə
yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə,
humanizmə qarşı törədilən cinayətdir.Otuz il əvvəl itirilmiş torpaqlarımız
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad
olundu. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə
həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin
ruhları şaddır, onların qanı hədər getməyib. Şəhidlər xiyabanı özündə həm
ümummilli kədər və iztirabı, həm də xalqımızın mübarizliyini, yenilməz iradəsini
əks etdirən məkandır. Bu müqəddəs məkanı hər yaşda olan insanlar ziyarət edirlər.
Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da
artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq
arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan
azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda,
Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır.
Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə,
qəhrəman şəhidlərimizə borcluyuq.
Allah
bütün Şəhidlərə rəhmət etsin!
Pərvanə
Səfərova
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi
Digər xəbərlər



