20 Yanvar faciəsi – qanla yazılmış qəhrəmanlıq tarixi

2026-01-19 Baxış: 6
img

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına azadlıq uğrunda mübarizənin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biri kimi həkk olunub. Bu qanlı gecə təkcə insan itkiləri ilə deyil, milli iradənin sarsılmazlığını nümayiş etdirməsi ilə tarixə düşüb.

Sovet imperiyasının hərbi birləşmələri tərəfindən Bakıya yeridilən ağır texnika və müasir silahlar dinc əhaliyə qarşı amansız şəkildə istifadə olundu. Qadın, uşaq, qoca demədən yüzlərlə günahsız insan güllələndi, minlərlə insan yaralandı. Bu, beynəlxalq hüququn, insan haqlarının açıq şəkildə tapdanması idi. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik Azərbaycan xalqının iradəsini qıra bilmədi, əksinə, mübarizə əzmini daha da gücləndirdi.

20 Yanvar hadisələri Sovet rəhbərliyinin əsl niyyətlərini açıq şəkildə üzə çıxardı. Milli azadlıq hərəkatını boğmaq, xalqın öz müqəddəratını təyin etmək istəyini zor gücü ilə susdurmaq cəhdi iflasa uğradı. Bu qanlı müdaxilə imperiyanın süqutunun qaçılmaz olduğunu sübut edən tarixi faktlardan biri oldu.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Bu qərar hadisəyə obyektiv münasibətin formalaşması, şəhidlərin xatirəsinin uca tutulması və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı. Bununla Azərbaycan dövləti öz xalqının haqq səsini dünyaya çatdırdı.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, zaman keçdikcə 20 Yanvar hadisələrinin tariximizdə tutduğu yer daha aydın görünür. Bu faciə xalqın milli oyanışının, azadlıq ruhunun və müstəqillik iradəsinin rəmzinə çevrilib. Şəhidlərin qanı yerdə qalmadı – müstəqil Azərbaycan dövləti məhz həmin qurbanların hesabına quruldu.

1990-cı ilin qanlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda qəhrəmanlıq salnaməsidir. 20 Yanvar şəhidləri xalqımızın azadlıq uğrunda verdiyi müqəddəs qurbanlardır. Onların xatirəsi daim ehtiramla yad edilir və gələcək nəsillərə müstəqilliyin hansı bədəllə qazanıldığını xatırladır.

20 Yanvar – milli yaddaşımız, milli qürurumuz və azadlıq yolumuzun sönməyən məşəlidir.

 

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.