Prezident İlham Əliyev müsahibəsində regional və qlobal məsələlərə yeni baxış sərgiləyib

Azərbaycan
Prezidenti İlham Əliyev İsveçrədə Dünya İqtisadi Forumunun illik toplantısında
iştirak edir. Qeyd edək ki, bu Forumda əvvəlkilərdən fərqli olaraq dünyanın
daha çox və nüfuzlu liderləri iştirak edir. Ölkəmizin başçısı səfər çərçivəsində
yəni- yanvarın 20-də Davosda Avropanın aparıcı televiziya kanalı olan
“Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib.
Müsahibədə
bir çox regional və qlobal məsələlərə toxunulub. Vurğulanıb ki, hazırda ölkələr
artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün
mütləq görünmədiyi vəziyyətlə üzləşiblər. Bu gün Azərbaycanın atdığı hər bir
addım, gördüyü hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və
ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur.
Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti
qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində
görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və
siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər
biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal
müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin
uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.
Ölkəmizin
başçısı öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd
edilib ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu
sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində
potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər.
Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında
düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün
regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və
müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və
sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.
Hazırda
qlobal enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir.
Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin
qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar
olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək.
“Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə
regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”- deyə cənab
Prezident deyib.
Prezident
İlham Əliyev telekanala müsahibəsində Avropa ölkələrini bu gün ən çox narahat
edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirib ki, Azərbaycan Cənubi
Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə
ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi
isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Xüsusilə
Avropa ölkələri ilə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan
artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının
üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan
dünyada birinci yerdədir.
Ölkəmiz
təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Azərbaycanın
bir çox Avropa ölkəsi ilə yaxşı münasibətləri var və bu, onlar üçün öz enerji təhlükəsizliyini
gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, bazarda ehtiyatlarını satmaq
fürsətidir. Bu gün Azərbaycan öz təbii qazını təkcə Avropaya satmır, bu
yaxınlardan artıq Suriyaya da qaz ixracına başlanılıb. Ölkə başçısı bu zaman
qiymət baxımından Avropa bazarının daha sərfəli olduğunu vurğulayıb.
Həmçinin
müsahibədə Avropa Parlamenti ilə olan münasibərlərə də toxunulub. Müxbirin Azərbaycanın
Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz sualına isə ölkə
başçısının cavabı qısa, konkret və müxbirin də vurğuladığı kimi diplomatik olub
- “Biz artıq buna reaksiya vermirik”.
Azərbaycan
artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament
Assambleyası ilə istənilən əməkdaşlığı dayandırıb. Bu gün ölkəmiz Avropa
Komissiyası ilə əməkdaşlıq edir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ermənistanın
özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt
etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda
ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır”.
Müsahibədə
xüsusi vurğulanıb ki, 2025-ci ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan
arasında sülh müqaviləsi paraflanıb. “Mən ümid edirəm ki, Avropa Parlamentinin
üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən
nəzərdən keçirəcəklər” – deyə ölkə başçısı müsahibəsini yekunlaşdırıb.
Qeyd
edək ki, ölkəmizin başçısının sözügedən müsahibədəki tezisləri və önəmli fikirləri
bir çox nüfuzlu KİV-lər və siyasi eksperrtlər tərəfindən yüksək dəyərləndirilir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



