Azərbaycan iqtisadiyyatın inkişafına görə regionun aparıcı dövlətidir.

Ulu
Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən
qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi
inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın
davamlı inkişafını təmin etməkdir. Bilirsiniz ki, hər bir inkişafın əsasında
iqtisadi tərəqqi dayanır. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab
İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən neft gəlirlərindən səmərəli
istifadə etməklə ölkədə iqtisadiyyatın şaxələndirilməsinə nail olmağı, ağırlıq
mərkəzini tədricən neftdənkənar sahələrə yönəltməyi və beləliklə də, iqtisadi
artımın qeyri-neft sektorunun hesabına baş verməsini qarşıya mühüm vəzifə kimi
qoyaraq bu strateji hədəfə çatmaq üçün mühüm qərarlar qəbul edib.
Prezident
İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya
miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni
keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində
Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması
yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ
yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya
prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə
imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər
irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində
ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun
inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının
genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin
rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.
Cənubi
Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan
regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas
təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata
keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun
inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə
sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər
irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və
Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.
Ümumiyyətlə,
çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir.
Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə
uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə
tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək
standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir
idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının
yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi
Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident
İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda
sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir.
Bütövlükdə
isə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə
imza atır.
Bu
gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin
müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib.
Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu
baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin
reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara
əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar
böyük aktuallıq daşıyır.
Azərbaycanda
zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və
bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində
ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində
çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə
qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur və başlanan islahatlar sayəsində
ölkə iqtisadiyyatının mənfi qlobal təsirlərə müqavimət gücü artır. Yeni şəraitdə
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan islahatlar yaxın
perspektivdə ölkə iqtisadiyyatının neft amilindən asılılığını tamam aradan
qaldırmağa hesablanıb. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, aparılan
islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə istiqamətlənib.
Yeni
dövrün tələbinə uyğun olaraq hazırda ölkəmizdə ixracın təşviqi sistemi işə
salınıb. Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə
bağlı verdiyi qərarlara əsasən Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının
ixracının təşviqi istiqamətində vacib tədbirlər həyata keçirilir. Bilirsiniz
ki, xarici ölkələrə ixrac missiyaları, xarici bazarların araşdırılması , “Made
in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi davam edir.
2004-cü
ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə
inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının
artmasına güclü impuls verib. 2004–2019-cu illər ərzində Azərbaycanda böyük
iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir.
Hazırda
Azərbaycanda qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə,
innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna
böyük önəm verilir. Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun
olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı
strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə
yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin
yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil.
Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir.
Son
illərdə görülmüş tədbirlər sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq təminatının
sırf yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir. Hazırda aqrar
sektorda istehsal və ixrac imkanlarının artırılması məqsədilə bir sıra mühüm tədbirlər
həyata keçirilir. Ayrı-ayrı bölgələrdə texniki bitkilərin becərilməsinə, o cümlədən
pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına həm güclü siyasi dəstək
verilir, həm də fermerlərə hərtərəfli maddi kömək göstərilir.
Həyata
keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf
perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin
nəticələri gələcək illərdə daha çox özünü göstərəcək.
Əlamətdar
haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq
reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki,
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da əks olunur. ABŞ-ın "U. S. News & World Report"
jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını
açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc
edilib. Siyahı Pensilvaniya Universitetinin "BAV Group and Wharton
School" Qrupunun analitikləri tərəfindən tərtib edilib.
Siyahı
tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi,
dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil
olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb.
Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini –
Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və
Portuqaliyanı geridə qoyub.
Bütövlükdə,
Azərbaycanın müsbət beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq səviyyədə
yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ölkəmizin
uğurlu inkişafı danılmaz həqiqətdir: “Bütün mötəbər beynəlxalq qurumlar bunu
qeyd edir.
Ötən
illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq
makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası,
qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi
gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya
mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi
sabitliyini daha da möhkəmləndirir.
Zaur Qasımov,
YAP
fəalı, Hacıqabul rayon Navahı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru.
Digər xəbərlər



