Qlobal reallıqlar fonunda Azərbaycan mövqeyi: Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına müsahibəsi

Müasir dövrdə
dövlətlərin beynəlxalq nüfuzu yalnız hərbi və iqtisadi potensialla deyil, eyni
zamanda diplomatik fəallıq, strateji baxış və qlobal platformalarda aktiv
iştirakla ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı ölkəmizin artan
beynəlxalq çəkisinin, siyasi sabitliyinin və iqtisadi dayanıqlığının parlaq
göstəricisi kimi dəyərləndirilə bilər.
Yanvarın 19-da
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə
İsveçrə Konfederasiyasına səfəri Azərbaycanın artıq qlobal qərarların müzakirə
olunduğu platformalarda söz sahibi olan dövlətlər sırasında yer aldığını bir
daha təsdiqlədi. Xüsusilə builki Davos Forumunda rekord sayda dövlət və hökumət
başçısının iştirakı bu toplantının beynəlxalq siyasi-iqtisadi həyatdakı mühüm
rolunu göstərməklə yanaşı, Azərbaycanın bu nüfuzlu platformada təmsil
olunmasının əhəmiyyətini daha da artırır.
Prezident
İlham Əliyevin Euronews müsahibəsi: qlobal reallıqlara realist baxış
Prezident
İlham Əliyevin Davos səfəri çərçivəsində “Euronews” televiziya kanalına verdiyi
geniş və məzmunlu müsahibə Azərbaycanın beynəlxalq siyasi mövqeyinin, dövlət
başçısının strateji düşüncə tərzinin və müasir dünya proseslərinə obyektiv
yanaşmasının parlaq ifadəsi oldu. Bu müsahibə sadəcə informasiya xarakteri
daşımırdı; o, əslində, qlobal auditoriyaya ünvanlanmış siyasi mesajlar,
prinsipial mövqelər və konseptual baxışlar toplusu idi.
Müasir dövrdə
informasiya müharibələrinin və media manipulyasiyalarının geniş yayıldığı bir şəraitdə
Prezident İlham Əliyevin beynəlxalq nüfuza malik media qurumu vasitəsilə
birbaşa dünya ictimaiyyətinə müraciət etməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət
başçısı bu müsahibə vasitəsilə Azərbaycanın mövqeyini təhrif olunmuş təqdimatlar
üzərindən deyil, birbaşa və şəffaf şəkildə ifadə etdi. Bu isə həm siyasi cəsarətin,
həm də lider məsuliyyətinin göstəricisidir.
Müsahibənin
mərkəzi xəttini təşkil edən əsas mövzulardan biri beynəlxalq münasibətlər
sistemində baş verən dəyişikliklər oldu. Prezident İlham Əliyevin “Bu erada vəziyyəti
qanunun aliliyi deyil, güc qaydası idarə edir” fikri müasir dünyanın
reallıqlarını son dərəcə dəqiq ifadə edən, dərin fəlsəfi və siyasi məzmun
daşıyan tezisdir. Bu ifadə təkcə müşahidə deyil, həm də dünya nizamının faktiki
vəziyyətinə verilən obyektiv qiymətdir. Dövlət başçısı bununla göstərdi ki, bir
çox hallarda beynəlxalq hüquq normaları formal xarakter daşıyır, real qərarlar
isə böyük güclərin maraqları əsasında formalaşır.
Lakin
Prezident İlham Əliyev bu reallığı ifadə etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanın
prinsipial mövqeyini də aydın şəkildə ortaya qoyur. O, xüsusi olaraq vurğulayır
ki, Azərbaycan bütün addımlarını beynəlxalq hüquqa əsaslanaraq atır.
Suverenliyin bərpası, ərazi bütövlüyünün təmin olunması, separatizmlə mübarizə
və dövlət maraqlarının qorunması – bütün bunlar beynəlxalq hüququn fundamental
prinsiplərinə uyğun şəkildə həyata keçirilmişdir. Bu yanaşma Azərbaycanın haqlı
mövqeyini hüquqi və siyasi baxımdan möhkəmləndirir və dünya ictimaiyyətinə açıq
mesaj verir: Azərbaycan gücə deyil, ədalətə əsaslanan siyasət yürüdür.
Prezidentin
müsahibəsində səsləndirdiyi mühüm tezislərdən biri də müstəqil dövlətlərin öz
inkişaf modelini xarici diktələr əsasında deyil, daxili potensial və milli
maraqlar əsasında qurmalı olması ilə bağlı idi. Bu fikir Azərbaycanın son illərdə
əldə etdiyi uğurların ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyev açıq
şəkildə göstərdi ki, Azərbaycanın uğurunun sirri onun müstəqil siyasətində, öz
resurslarına güvənməsində və milli maraqları hər şeydən üstün tutmasındadır. Bu
mövqe həm daxili sabitliyin təmin olunmasına, həm də beynəlxalq arenada ölkəmizin
etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradıb.
Müsahibədə
regional sabitlik məsələsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Prezident
İlham Əliyevin İranla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın qonşuluq siyasətinin
mahiyyətini açıq şəkildə ortaya qoyur. Dövlət başçısı vurğuladı ki, Azərbaycan
üçün ən mühüm məsələlərdən biri regionda sabitliyin, təhlükəsizliyin və
proqnozlaşdırılan siyasi mühitin mövcud olmasıdır. Bu yanaşma dərin strateji məntiqə
əsaslanır: çünki regional qeyri-sabitlik birbaşa olaraq milli təhlükəsizliyə,
iqtisadi inkişaf perspektivlərinə və sosial sabitliyə təsir göstərir.
Prezidentin
“Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik” fikri
isə sadəcə tarixi faktın xatırladılması deyil, həm də Azərbaycanın sülhə nə
üçün bu qədər böyük dəyər verdiyini izah edən mənəvi-siyasi mesajdır. Bu fikir
beynəlxalq auditoriyada emosional təsir gücünə malik olmaqla yanaşı, Azərbaycanın
sülhpərvər siyasətinin arxasında dayanan real təcrübəni də ortaya qoyur. Azərbaycan
sülh haqqında nəzəri danışmır – Azərbaycan müharibənin acı nəticələrini yaşamış
və buna görə də sülhün qiymətini ən yaxşı bilən ölkələrdəndir.
Prezident
İlham Əliyevin müsahibəsinin mühüm cəhətlərindən biri də onun diplomatik
üslubunun balanslı, ölçülü-biçili, lakin eyni zamanda qətiyyətli olmasıdır.
Dövlət başçısı nə populizmə yol verir, nə də reallıqları gizlədir. O, dünyaya
Azərbaycanın mövqeyini olduğu kimi – açıq, səmimi və prinsipial şəkildə təqdim
edir. Məhz bu xüsusiyyət Prezident İlham Əliyevi müasir dünya liderləri
arasında fərqləndirən əsas keyfiyyətlərdən biridir.
Nəticə
etibarilə demək olar ki, Prezident İlham Əliyevin Euronews müsahibəsi Azərbaycanın
beynəlxalq imicinin möhkəmlənməsinə ciddi töhfə verdi. Bu müsahibə göstərdi ki,
Azərbaycan yalnız regional hadisələrin iştirakçısı deyil, qlobal prosesləri dərin
təhlil edən, dünya nizamı haqqında konseptual mövqeyə malik olan bir dövlətdir.
Prezident İlham Əliyev isə bu mövqeyi qətiyyətlə müdafiə edən, milli maraqları
hər zaman ön planda saxlayan və dünya auditoriyasına güclü siyasi mesajlar verə
bilən liderdir.
Prezident
İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də regionda
sabitlik məsələsinə verdiyi xüsusi önəm oldu. İranla bağlı səsləndirilən fikirlər
göstərir ki, Azərbaycan qonşu ölkələrdə baş verən proseslərə məsuliyyətli və
praqmatik yanaşır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan üçün regionda
sabitlik, proqnozlaşdırıla bilən mühit və sülh əsas dəyərdir.
Bu mövqe təsadüfi
deyil. Çünki Azərbaycan uzun illər münaqişənin fəsadlarını yaşamış, minlərlə şəhid
vermiş, milyonlarla vətəndaşı məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir
ölkədir. Məhz buna görə də bu gün ölkəmizin əsas prioriteti davamlı sülh və təhlükəsizliyin
təmin olunmasıdır. Prezidentin Davosdan səsləndirdiyi mesajlar Azərbaycanın
regionda sabitlik tərəfdarı olan məsuliyyətli aktor olduğunu bütün dünyaya göstərdi.
Davos
Forumunda və müsahibədə xüsusi yer tutan mövzulardan biri də enerji təhlükəsizliyi
oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq 16 ölkəyə təbii
qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu sübut edir.
Cənubi Qaz Dəhlizi
layihəsi, yeni enerji marşrutlarının formalaşdırılması, “yaşıl enerji” təşəbbüsləri
və bərpaolunan enerji potensialının inkişafı Azərbaycanın enerji siyasətinin
yalnız bu günü deyil, gələcəyi də əhatə etdiyini göstərir. Azərbaycanın boru kəməri
vasitəsilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada ilk sırada qərarlaşması
isə ölkəmizin enerji diplomatiyasının uğurunun bariz göstəricisidir.
Bundan əlavə,
Azərbaycanın artıq Suriyaya da qaz ixracına başlaması ölkəmizin enerji
bazarında yeni mövqelər qazandığını göstərir. Bu isə iqtisadi gücün genişlənməsi
və siyasi nüfuzun artması deməkdir.
Prezident
İlham Əliyevin müsahibədə Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın
prinsipial və müstəqil siyasət yürütməsinin göstəricisidir. Dövlət başçısının
“Biz artıq buna reaksiya vermirik” cavabı əslində Azərbaycanın ikili
standartlara əsaslanan yanaşmalara qarşı mövqeyinin açıq ifadəsidir.
Azərbaycanın
Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirməsi, lakin qərəzli mövqe nümayiş
etdirən qurumlarla məsafə saxlaması ölkəmizin milli maraqları hər şeydən üstün
tutduğunu göstərir. Prezidentin Ermənistanla bağlı səsləndirdiyi fikirlər isə
onu göstərir ki, regionda sülh təşəbbüslərinin əsas müəllifi və təşəbbüskarı məhz
Azərbaycandır.
Bayram
Xudayarov
Digər xəbərlər



