Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir.

2026-02-02 Baxış: 53
img

Azərbaycanda idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib.Bu sahədə qazanılmış uğurların təməlində, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün və uzaqgörən siyasət dayanır. Məhz ilk Avro­pa Oyunlarının Azərbaycanda keçirilməsi də ulu öndərin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Ölkə başçısı İlham Əliyev hər zaman idmana və idmançılara böyük diqqət və qayğı göstərib. Dövlət başçısının diqqət və qayğısı sayəsində idmançılarımız Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında dəfələrlə inamlı qələbələr qazanıblar. Bu gün ölkəmizdə müasir idman infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər həyata keçirilir və hazırda bu sahədə müvafiq tədbirlər davam etdirilməkdədir.Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il de­kabrın 8-də Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38-ni qazanan Azərbaycan bu şansı əldə etdi. Bu qərarın qəbul edilməsində ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı, müasir idman infrastrukturuna malik olmağımız, ən əsası isə sürətli, dinamik inki­şaf edən ölkə olmağımız mühüm rol oynadı. Təbii ki, bu məsələdə Azərbaycanın müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşu­ğunda yerləşməsi, daim dövlətlər, xalqlar və dinlər arasında əməkdaşlıq körpüsü olması da öz rolunu oynamış oldu.irinci Avropa Oyunlarının tarixi əhəmiyyəti nəzərə alınaraq, dövlətimizin başçısı İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı. Komitəyə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sədr təyin edildi. Təşkilat Komitəsinin qərarı ilə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi yaradıldı və oyunlara hazırlıq işlərinə start verildi. Dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri ölkəmizə dəvət oluna­raq, yerli mütəxəssislərlə birgə yüksək səviyyədə hazırlıq işləri görüldü. Qısa zamanda görülən işlər sonradan dünyanı heyrətləndirəcək dərəcədə maraqlı alındı. Birinci Avropa Oyunlarının açılış mərasimi heyrətə səbəb olan məqamlarla yadda qaldı.Beləliklə, Bakıda 20 idman növü üzrə yarışlar 21 idman obyektində keçirildi. Açı­lış mərasimi 68 min nəfərlik Bakı Olimpiya Stadionunda baş tutdu. Bundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də id­mançıların sərəncamına verildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin Birinci Avropa Oyunlarına evsahibliyi etməsi həm böyük etimad, həm də böyük məsuliyyət idi. Ölkəmiz bu məsuliyyətin də öhdəsindən yüksək səviyyədə gəldiyini nümayiş etdirdi. Təbii ki, bu sahədəki uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin bəhrəsi idi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də etiraf etdiyi kimi, Avropa Oyunlarını reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışmaq məsuliyyəti hər xalqa nəsib olan keyfiyyət deyil.2015-ci il iyunun 28-i Birinci Avropa Oyunlarının bağlanış günü oldu. Dünya­nın idman tarixinə yeni möhtəşəm səhifə yazan birinci Avropa Oyunlarında 253 medal dəsti uğrunda mübarizə aparıldı. Təbii ki, sonluq həm Azərbaycan, həm də dünya üçün önəmli oldu. Hər bir yarış, hər bir qələbə təkcə bu və ya digər idmançının deyil, həm də bu idmançıları təmsil etdiyi ölkələrin sevinci, uğuru kimi yadda qaldı. Bu sevincdən ən böyük pay isə, təbii ki, təşkilatçı ölkə kimi Azərbaycanın payına düşdü. Məhz ona görədir ki, aradan illər keçsə də, həmin tarixi günləri Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yad edir.

 

Asif Bayramov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Neftçala Olimpiya İdman Kompleksinin direktoru