Azərbaycan gəncləri dövlətimizin əsas dayağı və inkişaf təməlidir

Bu gün Azərbaycan gəncləri ölkəmizini aparıcı qüvvəsi kimi
çıxış edirlər. Eyni zamanda, dövlətimiz də onlara böyük qayğı ilə
yanaşaraq problemlərinin həlli istiqamətində qlobal layihələr həyata
keçirir. Xüsusilə, Ülu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət
gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər qoyub. Ulu Öndərin
1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri
Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa
ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə
başlanıb. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri
qabaqlayıb.
Hazırda
Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni dövrünü
yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə
sadiqliyini öz qərarları ilə təsdiq edrək bildirir: «Mənim gənclərə xüsusi
münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz.
Mən də sizə arxalanıram».
Cənab
Prezident tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxsaylı Dövlət
proqramları və İnkişaf strategiyaları qəbul edilmişdir. Prezident İlham
Əliyevin 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin
ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb
olmuşdur. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan
Dövlət proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu
ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur. Bütün bunlar isə Azərbaycanın
gələcəyinə xidmət edən mühüm sərmayə hesab edilməlidir. Ölkə gənclərinin
potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların
faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi
məqsədilə Prezidentin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi
Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam,
2007-ci ilin “Gənclər İli” elan edilməsi, 2011-ci ildə Gənclər Fondu
yaradılması və 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident
Mükafatı”nın təsis olunması gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu. Gənclər
siyasətinin davamı olaraq 2005-ci il ildə IV, 2008-ci ildə V, 2011-ci ildə VI,
2014-cü ildə VII, 2018 və nəyahət, 2020-ci illərdə VIII-IX Azərbaycan Gənclər
Formu, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25
illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq
əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir.
Dövlətin
gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə,
öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik
ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda
mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə
qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı
Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz
illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri
cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.
Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin
böyük əksəriyyəti gənclərimiz olubdur... Bizim gənclərimiz hərbi qələbələrimizi
şərtləndiriblər”. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də
yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli
torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmasında fəal iştirak ediblər.
Bir
sözlə, 2 fevral – Azərbaycan Gəncləri Günü gənclərin ölkənin sosial-iqtisadi
inkişafında, dövlət quruculuğunda və milli təhlükəsizliyin təminində mühüm
rolunu bir daha nümayiş etdirir. Bu gənclərimizə olan etimadın, dövlət
qayğısının və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir. Azərbaycan gəncliyinin
bundan sonra da dövlətimizin etibarlı dayağı olacağı, onun daha da inkişaf etməsi
naminə öz bilik və bacarığını əsirgəməyəcəyi qətiyyən şübhə doğurmur.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



