Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq.

2026-02-09 Baxış: 48
img

2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi yalnız rəmzi-humanitar tədbir deyil, eyni zamanda qlobal siyasi mesajların verildiyi mühüm platforma kimi diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mərasimdə səsləndirdiyi fikirlər ölkəmizin postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi xəttin mahiyyətini aydın şəkildə ortaya qoyub.

Prezident İlham Əliyevin çıxışında xüsusilə vurğuladığı məqam – Azərbaycanın Ermənistana münasibətdə atdığı konkret iqtisadi və humanitar addımlar – regional siyasətdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan təkcə öz ərazisindən Ermənistana yük daşımalarına tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmayıb, eyni zamanda Ermənistana neft məhsullarının ixracına başlayıb. Bu fakt beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən siyasi praqmatizmin və strateji uzaqgörənliyin bariz nümunəsidir.

Uzun illər işğala, etnik təmizləməyə və humanitar fəlakətlərə məruz qalmış Azərbaycan üçün bu addımlar sırf siyasi jest deyil, şüurlu və məqsədyönlü dövlət siyasətidir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan revanşizm və intiqam yolunu deyil, gələcəyə hesablanmış sülh və əməkdaşlıq yolunu seçdiyini dəfələrlə bəyan edib. Əbu-Dabidə səsləndirilən fikirlər isə bu mövqenin yalnız sözlə deyil, real iqtisadi mexanizmlərlə dəstəkləndiyini sübut edir.

Ermənistana neft məhsullarının ixracı ilk baxışdan iqtisadi qərar kimi görünə bilər. Lakin bu addımın arxasında daha dərin siyasi məntiq dayanır. Enerji təhlükəsizliyi müasir beynəlxalq münasibətlərdə əsas strateji faktor hesab olunur. Azərbaycan bu sahədəki imkanlarından sülhü təşviq edən alət kimi istifadə edərək regionda qarşılıqlı asılılıq yaradır və münaqişə risklərini minimuma endirməyə çalışır.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı yanaşma onu göstərir ki, Azərbaycan regionda sabitliyi yalnız hərbi və ya diplomatik müstəvidə deyil, iqtisadi əməkdaşlıq üzərində qurmağı hədəfləyir. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji ixracının başlanması faktiki olaraq yeni regional iqtisadi konfiqurasiyanın formalaşmasına zəmin yaradır.

Bu konfiqurasiya Ermənistanın uzun illər təcrid siyasətinin iflasa uğradığını, regionun inkişafının isə yalnız əməkdaşlıq və qarşılıqlı etimada əsaslana biləcəyini göstərir. Azərbaycanın təşəbbüskarlığı fonunda Ermənistan üçün alternativ yol – sülh müqaviləsinin imzalanması və regiona inteqrasiya – daha aydın görünür.

Prezident İlham Əliyevin məhz “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi beynəlxalq nüfuza malik platformada bu mövqeni səsləndirməsi təsadüfi deyil. Bu mükafat insanlıq, tolerantlıq və xalqlar arasında dialoq ideyalarını təbliğ edir. Azərbaycanın bu dəyərləri regional siyasətinin əsasına çevirməsi ölkəmizin qlobal imicinə də ciddi töhfə verir.

Azərbaycan bu gün təkcə enerji ixracatçısı və geosiyasi aktor deyil, eyni zamanda humanist yanaşmanı real siyasətdə tətbiq edə bilən nadir dövlətlərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Bakı regional münasibətləri sıfır məbləğli oyun kimi deyil, hamının qazana biləcəyi əməkdaşlıq modeli kimi görür.

Əbu-Dabidə verilən mesajlar postmünaqişə dövrünün artıq söz mərhələsindən əməl mərhələsinə keçdiyini sübut edir. Azərbaycan regionda sülhün əsas təşəbbüskarı kimi çıxış edir və bu sülhün yalnız siyasi bəyanatlarla deyil, iqtisadi və humanitar mexanizmlərlə möhkəmləndirilməsini hədəfləyir.

Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan gücünü təkcə hərbi qələbələrdə deyil, sülh quruculuğu bacarığında da nümayiş etdirir. Ermənistana yönəlik bu addımlar eyni zamanda beynəlxalq ictimaiyyətə açıq mesajdır: Azərbaycan sabitlik, əməkdaşlıq və insan qardaşlığı prinsiplərinə əsaslanan yeni regional nizamın əsas memarlarından biridir.

Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın siyasi xəttinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Ermənistanla bağlı atılan konkret addımlar sübut edir ki, Bakı regionda qalıcı sülhü real mexanizmlərlə təmin etməyə çalışan məsuliyyətli və uzaqgörən dövlətdir. Bu yanaşma yalnız Cənubi Qafqaz üçün deyil, qlobal sülh və əməkdaşlıq modeli baxımından da mühüm nümunə kimi çıxış edir.

 

          Arif Bağırov,

          YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

        “Neftechala Operating Company LTD” şirkətinin əməkdaşı