Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ

Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının
Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata
verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyduğunu açıq şəkildə nümayiş etdirdi. Bu səfər təkcə diplomatik protokol
hadisəsi deyil, həm də Azərbaycan–ABŞ strateji tərəfdaşlığının konkret siyasi,
iqtisadi və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilməsinin bariz təzahürü
kimi tarixə düşdü.
Prezident
İlham Əliyev bəyanatında ABŞ rəhbərliyinin, xüsusilə Tramp-Vens
administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti yüksək qiymətləndirərək,
bu yanaşmaya görə dərin minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı ABŞ
Vitse-prezidentini ölkəmizdə rəsmi səfərdə salamlamağın Azərbaycan üçün böyük şərəf
olduğunu vurğuladı və bu səfərin iki dövlət arasındakı münasibətlərin
inkişafında mühüm rol oynadığını xüsusi qeyd etdi.
Cənab
Prezident bildirdi ki, səfər çərçivəsində ikitərəfli gündəliyin geniş spektrini
əhatə edən səmərəli və konstruktiv danışıqlar aparılmışdır. Bu danışıqların
kulminasiya nöqtəsi isə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş
Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması
olmuşdur. Prezident İlham Əliyevin sözlərinə görə, bu sənəd altı ay ərzində
aparılan çox gərgin və məqsədyönlü işin məntiqi nəticəsidir.
Xatırladıldı
ki, altı ay əvvəl Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Prezident
Donald Trampla keçirilən tarixi görüş və Xartiyanın hazırlanması məqsədilə İşçi
Qrupunun yaradılması barədə sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün
tamamilə yeni imkanlar açmışdır. Məhz bu siyasi iradə nəticəsində Azərbaycan–ABŞ
münasibətləri institusional əsaslar üzərində yeni mərhələyə yüksəlmişdir.
Prezident
İlham Əliyev bəyanatında vurğuladı ki, dünyanın ən qüdrətli dövləti olan
Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir.
Dövlət başçısı Prezident Trampa, Vitse-prezident Vensə və ABŞ nümayəndə heyətinə
Qafqazda sülhə verdikləri töhfəyə görə xüsusi minnətdarlığını ifadə etdi.
Bu
kontekstdə cənab Prezident ötən ilin avqust ayında Ermənistan və Azərbaycanın
Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişini parafladığını və
ABŞ Prezidentinin şahid qismində imzaladığı Sülh haqqında Birgə Bəyannamənin
regionda yeni reallıqlar yaratdığını xatırlatdı. Altı aydır regionda sülh şəraitinin
hökm sürdüyünü bildirən Prezident İlham Əliyev “biz sülh içində yaşamağı öyrənirik”
fikri ilə bu tarixi mərhələnin əhəmiyyətini xüsusi vurğuladı.
Prezident
İlham Əliyev Tramp-Vens administrasiyasının regiondakı səylərinin mühüm nəticələrindən
biri kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsini
xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, bu layihə təkcə Azərbaycanın iki
hissəsini – əsas ərazisini və Naxçıvan Muxtar Respublikasını birləşdirmir, eyni
zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə
Avropanı əlaqələndirən etibarlı, təhlükəsiz və böyükmiqyaslı nəqliyyat dəhlizidir.
Azərbaycanın
Ermənistana gedən yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan
qaldırması, eləcə də neft məhsullarının təchizatına başlaması regionda ticarət
və əməkdaşlığın real əsaslar üzərində qurulduğunu göstərir. TRIPP layihəsi
regionda əldə olunmuş sülh nəticələrini möhkəmləndirməklə yanaşı, Cənubi
Qafqazı qlobal iqtisadi və logistika sisteminin mühüm həlqəsinə çevirir.
Prezident
İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyində artan roluna da
diqqət çəkdi. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini
təmin edir ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt Azərbaycanın
etibarlı və strateji enerji tərəfdaşı statusunu bir daha təsdiqləyir.
Xartiyada
müdafiə və təhlükəsizlik, antiterror əməliyyatları, kibertəhlükəsizlik, müdafiə
sənayesi məhsullarının satışı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə
tutulur. Eyni zamanda, humanitar minatəmizləmə sahəsində ABŞ-ın maliyyə və
texnoloji dəstəyi Azərbaycanın üzləşdiyi ciddi problemlərin aradan
qaldırılmasına mühüm töhfə verəcəkdir.
ABŞ
Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq
Xartiyasının imzalanması Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin
başlanğıcıdır. Bu tərəfdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, bütövlükdə
regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin praqmatik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan
qlobal miqyasda etibarlı tərəfdaş, regional proseslərin aparıcı aktoru kimi
mövqeyini daha da gücləndirir.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" FFacebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



