Yeni Rəqəmsal Arxitekturanın Prioriteti və Azərbaycanın İrəliləyiş Strategiyası

2026-02-14 Baxış: 7
img

Prezident İlham Əliyev sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bildirdi ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir

Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bir daha bu reallıqlara diqqət yönəldildi. Rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirə ediləcəyini önə çəkən cənab İlham Əliyev buna ehtiyac olduğunu belə əsaslandırdı ki, bu, gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafını təmin edən əsas faktorlardan biridir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən “Neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışı mühüm Dövlət proqramlarının uğurlu icrası ilə reallığa çevrildi. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də diqqətdədir, bu sahəyə investisiya axını sürətlənir. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayələrin 200 milyard dollaı qeyri-neft sektorunun payına düşür. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xarici sərmayələr qorunur. Bunu həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafını müəyyən edib. Burada da nadir təcrübəmiz var: “30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.”

Cənab İlham Əliyev müşavirədə bu məqamı da vurğuladı ki, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyük enerji güclərini tələb edir. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurulduğu, bir neçə aparıcı şirkətlə danışıqlar aparıldığı, ölkəmizin imkanlarının onlara təqdim edildiyi diqqətə çatdırıldı. Eyni zamanda, dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Cənab İlham Əliyev bildirdi ki, konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir.

Son illərdə müxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlərin işlənib hazırlandığı qeyd edildi. Onların tədricən ləğv edilməsinin vacibliyi vurğulandı. “Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.

Azərbaycanın dayanıqlı inkişafını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev hər bir sahəni nəzarətdə saxlayır. Bu gün Azərbaycan yenilikləri ilə dünyanın diqqətindədir. Hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Çağırışların mahiyyətində də bu məqam əsas yer tutur ki, hər bir yeni təcrübə ölkəmizdə tətbiq olunmalıdır. Ölkəmizin istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlarda əlaqlərinin inkişafına diqqət yetirsək daim yeni prioritetlərin müəyyənləşdirilməsinə xüsusi önəm verdiyini görərik. İmzalanan sənədlər də bunun təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi “Bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər indi siz tərəfdən də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək” fikirləri özündə bütün məqamları, hədəfləri, məqsədləri ehtiva edir. Tarixi Zəfərinin, suverenliyinin tam bərpasının yaratdığı reallaqları ilə dünyanın diqqətində olan Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini genişləndirməklə bərabər, yeni dostlar qazanır, körpülər qurur. Azərbaycan sözün əsl mənasında əməkdaşlıq, dostluq, həmrəylik məkanıdır.

 

 

Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü