Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edən addımlar

2026-02-14 Baxış: 6
img

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkənin inkişaf strategiyasında mühüm mərhələ kimi dəyərləndirilir. Sözügedən müşavirə müasir dövrün əsas çağırışlarından biri olan rəqəmsal transformasiyanın dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində və sosial həyatda tətbiqinin sürətləndirilməsi məqsədinə xidmət edir”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda aparılan ardıcıl və sistemli islahatlar nəticəsində ölkənin idarəetmə modeli müasir çağırışlara uyğun şəkildə yenilənir:“ Yeni rəqəmsal arxitektura konsepsiyası, bu islahatların növbəti strateji mərhələsini təşkil edərək dövlətin idarəçilik fəlsəfəsinin, texnoloji infrastrukturunun və ictimai xidmət mexanizmlərinin köklü surətdə yenilənməsini nəzərdə tutur: “Müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda, idarəçilik mədəniyyətinin dəyişməsi, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid deməkdir. Bu yanaşmanın əsas məqsədi şəffaflığı artırmaq, operativliyi təmin etmək, insan faktorundan asılılığı azaltmaq və vətəndaş məmnunluğunu yüksəltməkdir”. Bu gün Azərbaycan artıq regionda elektron hökumət və rəqəmsal dövlət xidmətləri sahəsində qabaqcıl mövqelərə malikdir.

“Elektron imza sistemi, “ASAN xidmət” modeli, “myGov” platforması, vahid dövlət xidmətləri portalı və digər innovativ həllər dövlət idarəçiliyində çeviklik və əlçatanlıq baxımından mühüm nəticələr ortaya qoyub. Yeni vahid fəaliyyət planı isə bütün bu mexanizmlərin inteqrasiya olunmasını, vahid rəqəmsal ekosistemin formalaşdırılmasını və dövlət strukturlarının tam koordinasiyasını təmin etməyə yönəlib. Prezident İlham Əliyevin strateji baxışında dövlət idarəçiliyində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə əsas yer tutur. Rəqəmsal platformaların tətbiqi birbaşa insan təmaslarını minimuma endirərək subyektiv qərarların və sui-istifadə hallarının qarşısını alır. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində qərar qəbuletmə mexanizmləri daha sürətli, obyektiv və hesabatlı olur.

Yeni rəqəmsal arxitektura çərçivəsində dövlət qurumları arasında məlumat mübadiləsinin vahid platforma üzərindən həyata keçirilməsi, sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması, “ağıllı” idarəetmə modellərinin tətbiqi büdcə vəsaitlərinə qənaət etməklə yanaşı, dövlət resurslarından daha səmərəli istifadəni təmin edəcək. Müşavirədə xüsusi vurğulanan istiqamətlərdən biri də rəqəmsal iqtisadiyyatın inkişafıdır: “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın dayanıqlı inkişafı üçün iqtisadiyyatın şaxələndirilməsi və innovativ sahələrin genişləndirilməsi vacibdir. Bu baxımdan, informasiya texnologiyaları, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və startap ekosistemi ölkənin yeni iqtisadi inkişaf modelinin əsas sütunları kimi çıxış edir. Yeni fəaliyyət planı çərçivəsində texnoparkların genişləndirilməsi, innovasiya mərkəzlərinin yaradılması, gənclərin İKT sahəsində təhsilinin gücləndirilməsi və rəqəmsal sahibkarlığın təşviqi nəzərdə tutulur. Bu addımlar Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı dövlət idarəçiliyində şəffaflığın, iqtisadiyyatda rəqabətqabiliyyətin, sosial sahədə isə yüksək həyat keyfiyyətinin təmin olunmasına xidmət edən fundamental yol xəritəsidir. Bu strateji sənəd Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı, ölkəni qlobal rəqəmsal inkişaf proseslərinin fəal iştirakçısına çevirir”.

 

 

 

           Hökmalı Mirzəyev,

           YAP Hacıqabul rayon təşkilatının sədr müavini