Transmilli şirkətlərlə əlaqələr – Azərbaycana rəqəmsal üstünlük verən təcrübə

Prezident İlham Əliyevin “Azərbaycanın
yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə
səsləndirdiyi mühüm tezislərdən biri ölkəmizin transmilli şirkətlərlə əməkdaşlıq
sahəsində qazandığı zəngin təcrübə ilə bağlı oldu. Dövlət başçısı xüsusi
vurğuladı ki, “transmilli şirkətlərlə iş təcrübəmiz böyük üstünlüyümüzdür.” Bu
fikir təsadüfi deyil. Çünki Azərbaycanın son otuz ildə həyata keçirdiyi
iqtisadi strategiya məhz qlobal korporativ əməkdaşlıq modelinə əsaslanaraq
formalaşıb və bu model bu gün rəqəmsal transformasiya mərhələsində öz yeni
funksiyasını yerinə yetirir.
Məlumdur ki, müstəqilliyin ilk illərində
Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri milli iqtisadiyyatın dirçəldilməsi
və xarici investisiyaların cəlb olunması idi. Enerji sektorunda transmilli şirkətlərlə
qurulan tərəfdaşlıq modeli ölkəyə həm böyük maliyyə resursları, həm də müasir
idarəetmə standartları qazandırdı. Beynəlxalq müqavilələrin icrası zamanı tətbiq
edilən audit mexanizmləri, risklərin bölüşdürülməsi prinsipi, şəffaflıq və
hesabatlılıq sistemi Azərbaycanın institusional idarəetmə qabiliyyətini əhəmiyyətli
dərəcədə gücləndirdi.
Prezident İlham Əliyevin müşavirədə
vurğuladığı kimi, həmin dövrdə qazanılmış təcrübə indi yeni mərhələdə – rəqəmsal
transformasiya prosesində mühüm rol oynayır. Rəqəmsal arxitekturanın qurulması
da böyük miqyaslı layihə idarəçiliyi, yüksək texniki standartlar və beynəlxalq əməkdaşlıq
tələb edir. Azərbaycan isə bu sahədə artıq ciddi praktiki baza formalaşdırıb.
Transmilli şirkətlərlə işləmək yalnız investisiya cəlbi demək deyil, eyni
zamanda texnologiya transferi, insan kapitalının inkişafı və qlobal şəbəkələrə
inteqrasiya deməkdir.
Dövlət başçısının çıxışında səsləndirilən
mesaj ondan ibarətdir ki, Azərbaycan rəqəmsal inkişafı sıfırdan başlamır.
Enerji layihələri çərçivəsində yaradılmış müasir infrastruktur, beynəlxalq
hüquqi öhdəliklərə riayət təcrübəsi və layihələrin effektiv idarə olunması
bacarığı artıq ölkəmizə rəqəmsal sahədə də inamlı addımlar atmağa imkan verir.
Bu, rəqabət üstünlüyüdür.
Rəqəmsal iqtisadiyyatın əsas komponentləri
– süni intellekt, böyük məlumat bazaları, bulud texnologiyaları və kibertəhlükəsizlik
– yüksək səviyyəli beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan transmilli şirkətlərlə
qurduğu etibarlı tərəfdaşlıq modeli sayəsində qlobal texnologiya şirkətləri
üçün cəlbedici platformaya çevrilə bilər. Prezident İlham Əliyevin vurğuladığı
üstünlük məhz budur: ölkəmiz beynəlxalq biznes mühiti üçün tanınmış və etibarlı
tərəfdaşdır.
Bundan əlavə, transmilli şirkətlərlə iş təcrübəsi
dövlət-özəl sektor tərəfdaşlığı mexanizmlərinin inkişafına da təkan verib. Bu
mexanizmlər rəqəmsal arxitektura çərçivəsində innovativ layihələrin
reallaşdırılması üçün mühüm rol oynayacaq. Rəqəmsal platformaların qurulması,
data mərkəzlərinin yaradılması və texnoloji startapların dəstəklənməsi
prosesində özəl sektorun iştirakı zəruridir. Azərbaycan isə artıq bu əməkdaşlıq
modelini sınaqdan çıxarıb.
Prezident İlham Əliyevin müşavirədə qeyd
etdiyi kimi, rəqəmsal inkişaf uzunmüddətli strateji xəttdir və bu istiqamətdə
atılan addımlar ölkənin post-neft mərhələsində dayanıqlı inkişafını təmin etməlidir.
Enerji sektorunda qazanılmış uğurların texnoloji və rəqəmsal sahəyə transferi
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi davamıdır. Bu siyasət ölkəyə
yalnız iqtisadi dividentlər deyil, həm də texnoloji suverenlik qazandıracaq.
Transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi
Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirib. Qlobal layihələrin icrasında
etibarlı tərəfdaş kimi tanınmaq ölkənin imicinə müsbət təsir göstərir və yeni
investisiyalar üçün əlavə zəmin yaradır. Rəqəmsal sahədə də eyni modelin tətbiqi
Azərbaycanı regionun innovasiya mərkəzinə çevirə bilər.
Beləliklə, Prezident İlham Əliyevin
müşavirədə səsləndirdiyi fikir strateji mahiyyət daşıyır. Transmilli şirkətlərlə
əməkdaşlıq təcrübəsi Azərbaycanın rəqəmsal inkişafında mühüm üstünlükdür. Bu
üstünlük institusional bacarıq, beynəlxalq etimad və texnoloji potensialın
sintezindən ibarətdir. Azərbaycanın yeni rəqəmsal arxitekturası məhz bu möhkəm
təməl üzərində qurulur və ölkəmizi gələcəkdə qlobal rəqəmsal iqtisadiyyatın fəal
iştirakçısına çevirmək məqsədi daşıyır.
Mirülvi Ağalarov,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Mirzəqurbanlı kənd ümumi orta məktəbin
müəllimi
Digər xəbərlər



