“Xocalıya Ədalət” beynəlxalq kampaniyası və qlobal informasiya mübarizəsi

“Xocalıya Ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə
Azərbaycan Respublikasının Prezidenti yanında Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva tərəfindən yaradılmışdır. Kampaniyanın əsas məqsədi
Xocalı soyqırımının dünya ictimaiyyətinə tarixi həqiqətlər əsasında
çatdırılması, hüquqi və siyasi tanınmasının sürətləndirilməsi və faciənin
unudulmamasıdır. Kampaniya indiyədək 120 000-dən çox insan və 115-dən çox təşkilatın
iştirakı ilə 100-dən çox ölkədə müxtəlif tədbirlər həyata keçirmişdir. Sosial
media, sərgilər, seminarlar, konfranslar, yürüşlər və interaktiv layihələr
vasitəsilə dünya ictimaiyyəti Xocalı faciəsinin hüquqi və tarixi mahiyyəti barədə
məlumatlandırılır.
Kampaniyanın fəaliyyəti nəticəsində Xocalı soyqırımı
bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır. ABŞ-ın 24-dən
çox ştatı, o cümlədən Texas, Connecticut, Georgia, Maine, New Jersey, New
Mexico, Oklahoma, Pennsylvania, Tennessee və West Virginia rəsmi qətnamələr qəbul
edərək Xocalı faciəsini soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanımışdır.
Meksika, Pakistan, Çex Respublikası, Kolumbiya, Peru, Panama, Honduras, Sudan,
Guatemala, Cibuti, İordaniya, Bosniya və Herseqovina və Şotlandiya parlamentləri
hadisəni soyqırımı aktı kimi qəbul etmişdir. Beynəlxalq təşkilatlardan İslam Əməkdaşlıq
Təşkilatı Xocalı faciəsini soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıyaraq
üzv dövlətlərdən hadisənin tanınması üçün səylərini artırmağı tələb etmişdir.
Bu hüquqi və siyasi tanınmalar, Xocalı faciəsinin beynəlxalq hüquq çərçivəsində
qəbul olunması və Azərbaycan diplomatiyasının nüfuzunun güclənməsi baxımından
mühüm əhəmiyyət daşıyır.
Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində
genişmiqyaslı tədbirlər təşkil olunmuşdur. ABŞ-ın bir sıra şəhərlərində LED
ekranlı yürüşlər və anım mərasimləri keçirilmiş, İstanbulda 2012-ci ildə Taksim
Meydanında yüz minlərlə insanın iştirakı ilə yürüş təşkil olunmuşdur. Bern şəhərində
diplomatik korpus, diaspor və yerli ictimaiyyətin iştirakı ilə anım mərasimi
keçirilmiş, Parisdə UNESCO yanında rəsmi tədbirlər və sərgilər vasitəsilə faciə
xatırladılmışdır. Barcelonada isə foto sərgilər, konsertlər və maarifləndirmə tədbirləri
həyata keçirilmişdir. Bu tədbirlər yalnız hüquqi və siyasi tanınmaya xidmət etməklə
qalmır, həm də qlobal informasiya mübarizəsinin əsas vasitəsi kimi fəaliyyət
göstərir. Kampaniya sosial media platformaları və multimedia layihələri vasitəsilə
milyonlarla istifadəçiyə çataraq Xocalı faciəsinin tarixi və hüquqi mahiyyətini
dünya ictimaiyyətinə təqdim edir.
“Xocalıya Ədalət” beynəlxalq kampaniyası Xocalı
soyqırımının tarixi və hüquqi həqiqətlərini qlobal ictimaiyyətə çatdırmaq, faciənin
beynəlxalq tanınmasını sürətləndirmək və gələcək nəsillərə dərs və ədalət
mesajı vermək məqsədini daşıyır. Kampaniya nəticəsində bir sıra dövlətlər və
beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımış, dünyanın müxtəlif ölkələrində
genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilmişdir. Bu fəaliyyət Azərbaycan
dövlətinin diplomatik və informasiya siyasətinin mühüm elementini təşkil edir və
tarixi ədalətin bərpasına xidmət edir.
Narxanım
Əzizova,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər



