“Justice for Khojaly” informasiya portalı mühüm təbliğat platformasıdır.

2026-02-26 Baxış: 6
img

“Justice for Khojaly” informasiya portalı ermənilərin Xocalı soyqırımı ilə bağlı törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan informasiya və təbliğat platformasıdır. Portal Xocalı həqiqətlərinin sistemli şəkildə yayılması, faktların sənədləşdirilməsi və beynəlxalq auditoriyanın məlumatlandırılması istiqamətində fəaliyyət göstərir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri – Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətmişdir. Rəsmi məlumatlara əsasən, soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmişdir ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl şəxs olmuşdur. Faciə zamanı 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, yüzlərlə insan yaralanmış və əsir götürülmüşdür.

Bu faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən təşəbbüslər sırasında “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası xüsusi yer tutur. Kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. 2008-ci ildə başladılan bu təşəbbüs müxtəlif ölkələrdə genişmiqyaslı fəaliyyət göstərərək Xocalı soyqırımı haqqında həqiqətlərin yayılmasına xidmət edir. Kampaniya çərçivəsində sosial şəbəkələrdə informasiya təşviqatı, sərgilər, konfranslar, seminarlar, anım tədbirləri və digər maarifləndirici layihələr həyata keçirilir. Minlərlə insan və yüzdən artıq təşkilat bu təşəbbüsə dəstək verir.

“Justice for Khojaly” portalı və “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədləri Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, hadisəyə hüquqi-siyasi qiymətin verilməsi, məsul şəxslərin cəzalandırılması, Ermənistan tərəfindən rəsmi üzrün və vurulmuş maddi-mənəvi ziyanın kompensasiyasının təmin olunması istiqamətində ictimai rəy formalaşdırmaqdan ibarətdir. Eyni zamanda, kampaniya Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, sağ qalmış ailələrə mənəvi dəstək göstərilməsi və xüsusilə gənc nəslin bu faciəni unutmamasının təmin edilməsini qarşıya məqsəd qoyur.

“Justice for Khojaly” informasiya platforması və “Xocalıya Ədalət” kampaniyası qlobal informasiya mübarizəsində Azərbaycan həqiqətlərinin müdafiəsinə xidmət edən mühüm vasitə kimi çıxış edir və Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında strateji rol oynayır.

 

Günel Əliyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Həsənabad qəsəbə Körpələr evi-Uşaq bağçasının direktoru