Xocalı – unudulmayan faciə, unudulmayacaq həqiqət

2026-03-02 Baxış: 66
img

1992-ci ilin fevral gecəsi Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri yazıldı. Xocalı şəhərində baş vermiş hadisələr yalnız bir şəhərin deyil, bütöv bir xalqın yaddaşına həkk olunmuş faciədir. Bu gecə 613 nəfər – onlardan 106-sı qadın, 63-ü uşaq – erməni silahlı qüvvələri tərəfindən qəddarcasına qətlə yetirildi, 150 nəfər itkin düşdü. Onların bəzilərinin qalıqları işğaldan sonra tapıldı və torpağa tapşırıldı. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bütün məsuliyyət Ermənistan dövləti üzərinə düşür.

Azərbaycan xalqı üçün Xocalı faciəsi yalnız itkilər demək deyil. Bu, həm də milli yaddaşın formalaşması, kollektiv travmanın dərin izlərini daşıyan tarixi hadisədir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu faciəni yalnız xatırlamır, həm də haqq işimizi beynəlxalq aləmə çatdırmaq üçün ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, “Azərbaycan xalqı üçün bu, ən böyük faciədir”. Bu ifadə həm də xalqımızın ağrısını və faciənin miqyasını tam ifadə edir.

Xocalıya ədalət hərəkatı milli və beynəlxalq səviyyədə geniş rezonans yaratdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Leyla Əliyevanın rəhbərliyi altında 20 ildən çox müddətdə dünyanın müxtəlif ölkələrində konfranslar, simpoziumlar, təqdimatlar keçirildi; yüzlərlə kitab, broşür və buklet dərc olundu. Bu təşəbbüslər sayəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Prezident çıxışında vurğulayıb: “Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı”.

Haqq işimizin uğuru yalnız beynəlxalq tanınma ilə məhdudlaşmır. Prezident İlham Əliyev qeyd edib ki, “Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin azad edilməsi isə son addımlardan biri”. Bu sözlər Azərbaycan xalqının həm ədalət axtarışını, həm də hərbi-siyasi zəfərini birləşdirir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu düşməni məğlubiyyətə uğratdı, kapitulyasiya aktına imza atdırdı və xalqımızın tarixi ədaləti bərpa edildi.

Prezident İlham Əliyev çıxışında Xocalı Memorial Kompleksin əhəmiyyətini belə şərh edir: “Bu gün Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”. Bu kompleks yalnız bir abidə deyil, xalqımızın əyilməz ruhunun, milli birliyin və dövlətçilik iradəsinin simvoludur. Xocalı soyqırımı ilə üzləşən Azərbaycan xalqı 30 illik ədalətsizlik və sınaqlara baxmayaraq mənliyini, ləyaqətini və inamını qoruyub saxlamışdır.

Bu faciə, eyni zamanda, dünya ictimaiyyətinə Azərbaycanın haqq işinin təqdim olunması üçün bir zəmin yaratdı. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, beynəlxalq təşkilatlar və dünya ölkələri üzərinə düşən vəzifəni tam yerinə yetirməsələr də, Azərbaycan öz haqq səsini ucaltmaqla Xocalı soyqırımını bütün dünyaya çatdırıb. Bu proses təkcə diplomatik uğur deyil, həm də milli şüurun yüksəlməsinin göstəricisidir.

Xocalı faciəsi və onun xatirəsinin qorunması gələcək nəsillər üçün də əvəzsiz dərsdir. Dövlətimizin gücü və xalqımızın birliyi sayəsində Azərbaycan hər zaman əyilməzdir və heç vaxt ədalətsizliklə barışmayacaq. Prezidentin sözləri ilə desək: “Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın”.

Xocalı – unudulmayan faciə, unudulmayacaq həqiqət. Bu tarix Azərbaycan xalqının həm ağrısını, həm də qürurunu əks etdirir. Tarixi faktlar, milli yaddaş və ədalət uğrunda mübarizə gələcək nəsillərə güclü mesaj verir: xalq öz tarixi ilə qürur duymalı, milli birlik və dövlətçilik iradəsi ilə hər zaman qalib gəlməyə qadir olmalıdır.



Gülmirə Səfərova,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

Neftçala rayon gənclər və idman sektorunun baş məsləhətçisi