Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhu

Xocalı
Soyqırımı Memorial Kompleksinin açılışı yalnız bir abidənin istifadəyə verilməsi
deyildir. Bu kompleks, eyni zamanda Azərbaycan xalqının əyilməz ruhunun, milli
iradəsinin və ədalət uğrunda mübarizəsinin rəmzidir. Prezident İlham Əliyev
çıxışında vurğulamışdır: “Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan
xalqının əyilməz ruhunu görürük.”
Xocalı
soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri olmuşdur. 1992-ci ilin fevral
gecəsi 600-dən çox günahsız mülki şəxs, o cümlədən 106 qadın və 63 uşaq erməni
faşistləri tərəfindən qətlə yetirilmiş, 150 nəfər isə itkin düşmüşdür. Bu faciə
yalnız bir şəhərin deyil, bütün bir xalqın yaddaşına həkk olunmuşdur. Lakin 30
illik ədalətsizlik və çətinliklər xalqımızın mənliyini, ləyaqətini və inamını
qıra bilmədi. Prezidentin sözləri ilə: “30 il ərzində ədalətsizliklə üzləşən
xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı.”
Memorial
Kompleksin Xocalıda ucalması simvolik məna daşıyır. Prezident çıxışında
xatırlatdı ki, bu abidə yalnız tarixi xatirələri qorumaqla kifayətlənmir, həm də
gələcək nəsillərə dərs olur. Bu kompleks, xalqımızın haqq işində qətiyyətini,
dövlətimizin gücünü və ordumuzun rəşadətini nümayiş etdirir. “Biz bu Memorial
Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan
dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat
törətmək gəlməsin,” – deyə Prezident qeyd etmişdir.
Azərbaycan
xalqının əyilməz ruhu, dövlətçiliyə inamı və birliyi bu Memorial Kompleksdə öz əyani
təcəssümünü tapmışdır. Prezident İlham Əliyev çıxışında əlavə etmişdir: “Öz
yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan
insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və
dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam,
Ordumuza inam.”
Xocalıda
ucalan Memorial Kompleks, həmçinin xalqımızın keçmiş faciələr qarşısında göstərdiyi
səbr və qətiyyətin simvoludur. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları
göstərdi ki, Azərbaycan xalqı haqq uğrunda mübarizədə əyilməzdir, dövlət isə öz
vətəndaşının yanında dayanır. Prezidentin sözləri ilə: “Bütün şəhidlərin xatirəsini
qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan
dövlətinin bizə qarşı törətdiyi digər hərbi cinayətləri unutmayacağıq.”
Beləliklə,
Xocalı Memorial Kompleksi yalnız keçmişi xatırlatmaqla kifayətlənmir, eyni
zamanda Azərbaycan xalqının əyilməz ruhunu, dövlətçiliyə olan bağlılığını və
milli birliyini simvolizə edir. Bu kompleks gələcək nəsillərə həm tarixi həqiqətləri
çatdıracaq, həm də xalqın haqq işində qətiyyətinin və ədalət uğrunda mübarizəsinin
simvolu olacaq.
Valeh Tağıyev,
YAP Neftçala rayon təşkilatının veteran
üzvü
Digər xəbərlər



