Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq möhkəm siyasi-hüquqi baza üzərində qurulub və davamlı şəkildə güclənir.

Müasir beynəlxalq münasibətlər sistemində
dövlətlərarası əlaqələrin dayanıqlılığı və effektivliyi ilk növbədə onların
hansı siyasi və hüquqi əsaslara söykəndiyi ilə müəyyən olunur. Azərbaycan ilə
Ukrayna arasında münasibətlər də məhz bu baxımdan seçilərək, möhkəm siyasi-hüquqi
baza üzərində formalaşmış və illər ərzində ardıcıl şəkildə inkişaf edərək
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin
Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat
bu reallığı bir daha aydın şəkildə ifadə edir.
Dövlət başçısı öz çıxışında xüsusi
vurğulamışdır ki, Azərbaycan–Ukrayna münasibətlərinin əsasını təşkil edən sənədlər
təsadüfi deyil, strateji mahiyyət daşıyan və uzunmüddətli əməkdaşlığı şərtləndirən
fundamental siyasi aktlardır: “Əməkdaşlığımızın
çox güclü siyasi təməli vardır.” Bu fikir iki ölkə arasında əlaqələrin
yalnız cari maraqlara deyil, dərin və düşünülmüş strateji yanaşmaya əsaslandığını
göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa
dair sənədlər Azərbaycan–Ukrayna münasibətlərinin hüquqi-siyasi bazasını təşkil
edir. Bu sənədlər dövlətlərarası əlaqələrin inkişaf istiqamətlərini müəyyən etməklə
yanaşı, tərəflərin bir-birinə münasibətdə prinsipal mövqelərini də aydın şəkildə
ortaya qoyur. Həmin sənədlərdə əksini tapan əsas prinsiplərdən biri qarşılıqlı
olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsidir.
Bu məqam Prezident İlham Əliyevin bəyanatında
da xüsusi vurğulanmışdır: “O sənədlərdə ölkələrimizin
qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı
məsələləri öz əksini tapmışdır.” Bu yanaşma yalnız ikitərəfli
münasibətlərin əsas prinsipi kimi çıxış etmir, eyni zamanda, tərəflərin beynəlxalq
hüquqa və onun fundamental normalarına sadiqliyinin göstəricisidir.
Qeyd olunan prinsiplər Azərbaycan və
Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətində də öz əksini
tapır. Dövlət başçısının vurğuladığı kimi, hər iki ölkə beynəlxalq müstəvidə
bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir və
bu mövqe gələcəkdə də davam etdiriləcəkdir. Bu isə onu göstərir ki, strateji tərəfdaşlıq
yalnız sənədlər üzərində qalmır, real siyasi fəaliyyət və konkret mövqe ilə
müşayiət olunur.
Eyni zamanda, Azərbaycan–Ukrayna münasibətlərinin
institusional əsasda inkişaf etdirilməsi də bu siyasi-hüquqi bazanın möhkəmliyini
təsdiqləyən mühüm amillərdəndir. Prezident İlham Əliyev ötən il baş vermiş
mühüm hadisələri xatırladaraq qeyd etmişdir ki, Bakıda Xarici İşlər nazirliklərinin
məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu tədbirlər
iki ölkə arasında əməkdaşlığın sistemli və planlı şəkildə inkişaf etdirildiyini
göstərir.
Daha da əhəmiyyətlisi ondan ibarətdir ki, bu
mexanizmlərin davamlı fəaliyyəti təmin olunur və növbəti mərhələdə onların
Ukraynada keçirilməsi ilə bağlı razılaşmalar əldə edilir. Bu isə tərəflərin əməkdaşlığı
yalnız qorumaq deyil, həm də yeni mərhələyə yüksəltmək niyyətində olduqlarını
açıq şəkildə nümayiş etdirir.
Strateji tərəfdaşlığın möhkəm siyasi-hüquqi
baza üzərində qurulması digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün də əlverişli
şərait yaradır. Çünki siyasi sabitlik və qarşılıqlı etimad olmadan iqtisadi,
energetika, humanitar və təhlükəsizlik sahələrində dərin əməkdaşlıqdan danışmaq
mümkün deyil. Bu baxımdan Azərbaycan–Ukrayna münasibətləri kompleks və
bir-birini tamamlayan elementlərdən ibarət vahid sistem kimi çıxış edir.
Prezident İlham Əliyevin bəyanatında yer
alan “Bir sözlə, bu gün biz bir çox istiqamətlər
üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”
fikri də məhz bu reallığın ümumiləşdirilmiş ifadəsidir. Bu sitat göstərir ki,
mövcud siyasi-hüquqi baza artıq öz effektivliyini sübut etmiş və real nəticələr
vermişdir.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər



