İsveçrədə Azərbaycan iqtisadiyyatına maraq artıb

2019-06-10 Baxış: 560
img

10.06.2019

78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (“Müvəffəqiyyət”) qəzeti son buraxılışında Azərbaycan iqtisadiyyatına geniş yer ayırıb. Cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı, İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır.

AZƏRTAC xəbər verir ki, qəzetin tarixində nadir hallardan biri kimi, “Müsahibə” bölməsinin budəfəki qonağı ölkəmizin İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova olub. Səfir Azərbaycan-İsveçrə münasibətlərindən danışaraq son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib.

İyunda Berndə ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini qeyd edən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Ötən ilin oktyabrından etibarən Bakı-Cenevrə-Bakı birbaşa aviareysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd olunub.

Son illərdə iki ölkənin iqtisadiyönümlü təşkilatları arasında əməkdaşlıq əlaqələri inkişaf edir. Keçən ilin oktyabrında İsveçrənin “Switzerland Tourism” təşkilatı və İsveçrə Turizm Bürosu arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Bu ilin iyununda isə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumların imzalanması nəzərdə tutulur. Bu barədə razılıq səfirliyin İsveçrə kantonlarına həyata keçirdiyi işgüzar səfərlər zamanı əldə edilib.

Cari ilin iyununda Sürixdə İsveçrə-MDB Birgə Ticarət Palatası ilə birgə biznes forumun təşkili də nəzərdə tutulan tədbirlər arasındadır. Oktyabrda isə Qərbi İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.