Azərbaycan- Çexiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Son
bir neçə ayda Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri
ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş
etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri
də bu tendensiyanın məntiqi davamı kimi gbrünür. Sözügedən səfər yalnız ikitərəfli
münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq
arenada mövqeyinin gücləndiyini göstərən mühüm hadisədir.
Azərbaycanla
Çexiya əməkdaşlığının tarixinə nəzər salsaq görərik ki, ölkələrimiz
arasında münasibətlər uzun illərə söykənir. Belə ki, 2011-ci ildən fəaliyyət
göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu
münasibətlərin əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri
arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı
xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda
bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir.
Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin
yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək
Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə
ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Ölkəmizlə
Çexiya arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il
814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik
inkişafını göstərir.Bu ölkə bizim 6-cı ən böyük ixrac tərəfdaşımız olmaqla
Avropa İttifaqında 4-cü yerdə qərarlaşıb. Hər iki ölkə arasında energetika sahəsində
əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və
2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Həmçinin,
Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda
maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ
istiqamətlərə keçdiyini göstərir.
Çex
şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal
iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində
iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu
əməkdaşlığın konkret nümunələridir.
Prezident
İlham Əliyevin Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra
ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri
Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə
inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var: «Bu gün bir çox məsələlər
ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər
ətrafında fikir mübadiləsi aparılmışdır.» Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın
böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan
və Çexiya çox etibarlı tərəfdaşlardır. O cümlədən hazırda Azərbaycan dünya
bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır.
Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş
kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı
16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O
cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Ölkəmiz
hazırda Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə
birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin
də çox genişmiqyaslı olacağına əminliyini bildirən Prezident İlham Əliyev
deyib: «Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal
hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə
bizim müştərək işlərimiz xüsusi önəm daşıyır».
Andrey
Babiş də mətbuata bəyanatında bildirib ki, Azərbaycan Çex Respublikası üçün
strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var. O, Azərbaycanın
bu gün dünyanın diqqət mərkəzində olduğunu da vurğulayıb.
İsamyıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



