Azərbaycan–İtaliya strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir.

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri
Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilmiş görüş və
verilmiş birgə bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu səfər yalnız diplomatik təmasların
davamı deyil, eyni zamanda Azərbaycan–İtaliya strateji tərəfdaşlığının dərinləşməsi
baxımından mühüm siyasi hadisə kimi tarixə düşür.
Məlumdur ki, Azərbaycan ilə
İtaliya arasında münasibətlər uzun illərdir qarşılıqlı etimada, ortaq maraqlara
və praqmatik əməkdaşlığa əsaslanır. İtaliya Azərbaycanın Avropa İttifaqı
daxilində ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, həm də ölkəmizin enerji
resurslarının əsas idxalçılarından biridir. Prezident İlham Əliyevin bəyanatında
da vurğulandığı kimi, bu əlaqələr artıq sadəcə iqtisadi tərəfdaşlıq çərçivəsindən
çıxaraq geniş strateji mahiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi,
Azərbaycan ilə İtaliya arasında siyasi dialoq yüksək səviyyədədir və müntəzəm
xarakter daşıyır ki, bu da münasibətlərin dayanıqlı inkişafını təmin edən əsas
amillərdəndir.
Görüş zamanı səsləndirilən
fikirlərdən aydın olur ki, Bakı ilə Roma arasında əməkdaşlıq yalnız enerji və
ticarət sahələri ilə məhdudlaşmır. Humanitar, mədəni, təhsil və sənaye sahələrində
də əməkdaşlıq genişlənməkdədir. Bu isə iki ölkə arasında münasibətlərin çoxşaxəli
xarakter aldığını göstərir. Xüsusilə, son illərdə İtaliya şirkətlərinin Azərbaycanın
müxtəlif sektorlarında fəal iştirakı, sənaye parklarında və infrastruktur layihələrində
yer alması iqtisadi əməkdaşlığın real nəticələrini ortaya qoyur.
Prezident İlham Əliyev bəyanatında
Azərbaycanın etibarlı tərəfdaş kimi formalaşdığını xüsusi vurğulayaraq
bildirmişdir ki, ölkəmiz beynəlxalq öhdəliklərinə sadiq qalaraq tərəfdaş dövlətlərlə
münasibətlərini qarşılıqlı hörmət və etimad əsasında qurur. Bu kontekstdə
İtaliya ilə əməkdaşlıq nümunəvi xarakter daşıyır. Azərbaycanın enerji siyasəti,
xüsusilə təbii qaz ixracı sahəsində həyata keçirdiyi layihələr Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu prosesdə aparıcı mövqedədir.
Digər tərəfdən, Ciorcia
Meloni də öz çıxışında Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiklərini
qeyd etmiş, ölkəmizin regionda oynadığı mühüm rolu yüksək qiymətləndirmişdir.
Onun vurğuladığı kimi, Azərbaycan sabitlik və əməkdaşlıq platforması kimi çıxış
edir və bu baxımdan İtaliya ilə tərəfdaşlıq yalnız ikitərəfli deyil, həm də regional
və qlobal əhəmiyyət daşıyır.
Qeyd olunmalıdır ki, Azərbaycan–İtaliya
münasibətlərinin bu səviyyəyə çatması təsadüfi deyil. Bu, uzunmüddətli
düşünülmüş siyasətin, qarşılıqlı maraqların düzgün uzlaşdırılmasının və siyasi
iradənin nəticəsidir. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli
dərəcədə artırmış, ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır.
Eyni zamanda, bu səfər bir
daha göstərdi ki, Azərbaycan Avropa dövlətləri ilə münasibətlərini balanslı və
qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirir. İtaliya ilə əməkdaşlıq
isə bu siyasətin ən uğurlu nümunələrindən biri kimi çıxış edir. Mövcud dinamika
onu deməyə əsas verir ki, yaxın perspektivdə iki ölkə arasında əlaqələr daha da
genişlənəcək, yeni sahələri əhatə edəcək və strateji tərəfdaşlıq daha da möhkəmlənəcəkdir.
Elman Quliyev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşilatının sədri
Neftçala Rayon Mərkəzi Xəstəxanası
PHŞ-nin direktoru



