İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri
Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də keçirilmiş görüş zamanı səsləndirilən
fikirlər bir daha təsdiqlədi ki, İtaliya Azərbaycanın xarici ticarət siyasətində
xüsusi yer tutur və bu mövqe ildən-ilə daha da möhkəmlənir. Dövlət başçısının bəyanatında
qeyd olunduğu kimi, İtaliya uzun müddətdir Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
və bu istiqamətdə əldə olunmuş nəticələr iki ölkə arasında iqtisadi əməkdaşlığın
yüksək səviyyəsini nümayiş etdirir.
Məlumdur ki, Azərbaycan ilə
İtaliya arasında ticarət dövriyyəsi son illərdə rekord həddə çatmışdır. Bu
dinamika, ilk növbədə, enerji sektorunda sıx əməkdaşlıqla bağlı olsa da, artıq
qeyri-neft sahələrində də artım müşahidə olunur. Prezident İlham Əliyevin
vurğuladığı kimi, iqtisadi əlaqələrin şaxələndirilməsi Azərbaycan üçün
prioritet istiqamətlərdən biridir və bu baxımdan İtaliya ilə əməkdaşlıq yeni mərhələyə
qədəm qoyur. Xüsusilə, sənaye, kənd təsərrüfatı, logistika və yüksək
texnologiyalar sahəsində qarşılıqlı maraqların genişlənməsi ticarət münasibətlərinin
dayanıqlı inkişafına xidmət edir.
İtaliya Azərbaycanın Avropa
bazarlarına çıxışında mühüm rol oynayan əsas tərəfdaşlardan biridir. Bu ölkə
vasitəsilə Azərbaycan məhsulları Avropa məkanında daha geniş coğrafiyaya
çatdırılır. Eyni zamanda, İtaliya şirkətlərinin Azərbaycanın iqtisadiyyatına
yatırdığı investisiyalar da diqqətəlayiqdir. Bu investisiyalar yalnız enerji
sektorunu deyil, həm də tikinti, infrastruktur və sənaye sahələrini əhatə edir
ki, bu da əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir.
Prezident İlham Əliyev
çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə malik olduğunu xüsusi
vurğulamış və xarici investorlar üçün yaradılmış şəraitin davamlı olaraq təkmilləşdirildiyini
qeyd etmişdir. Bu siyasətin nəticəsidir ki, İtaliya iş adamları Azərbaycanda fəaliyyətlərini
genişləndirir və yeni layihələrə maraq göstərirlər. Bu isə öz növbəsində ticarət
dövriyyəsinin artmasına və iqtisadi əlaqələrin daha da dərinləşməsinə gətirib
çıxarır.
Digər tərəfdən, Ciorcia
Meloni də öz bəyanatında Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişafından məmnunluğunu
ifadə etmiş, ölkəsinin Azərbaycanla ticarət əlaqələrini genişləndirməkdə
maraqlı olduğunu bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş
olmaqla yanaşı, həm də regionda mühüm iqtisadi aktor kimi çıxış edir və bu amil
İtaliya üçün xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilməlidir ki, Azərbaycan–İtaliya
ticarət əlaqələrinin uğurla inkişaf etməsi təsadüfi deyil. Bu, hər iki ölkənin
iqtisadi maraqlarının üst-üstə düşməsi, qarşılıqlı etimad mühitinin
formalaşması və uzunmüddətli strateji yanaşmanın nəticəsidir. Azərbaycanın həyata
keçirdiyi iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq
layihələrdə fəal iştirakı ölkəmizi xarici tərəfdaşlar üçün cəlbedici məkana
çevirib.
Bütün bunlar onu göstərir
ki, İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında lider mövqeyini
qorumaqla yanaşı, bu mövqeni daha da gücləndirməkdədir. Mövcud əməkdaşlıq
potensialı və qarşılıqlı maraqlar nəzərə alındıqda, yaxın illərdə ticarət
dövriyyəsinin daha da artacağı və yeni istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyi
şübhə doğurmur.
Səmədağa Hümbətov,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
“İODİCO” MMC-nin əməkdaşı



