İtaliya bazarı Azərbaycanın enerji ixracında birinci dərəcəli əhəmiyyət daşıyır.

2026-05-06 Baxış: 4
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilmiş görüş zamanı səsləndirilən fikirlər bir daha göstərdi ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Dövlət başçısının bəyanatında xüsusi vurğulandığı kimi, İtaliya bazarı Azərbaycan üçün həm neft, həm də qaz ixracı baxımından birinci dərəcəli əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları və bu resursların dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın enerji strategiyasının əsasını təşkil edir. Bu kontekstdə İtaliya Azərbaycanın enerji ixracında aparıcı istiqamət kimi çıxış edir və bu mövqe illərdir sabit şəkildə qorunur.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanın həyata keçirdiyi enerji layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir. Xüsusilə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır və İtaliya bu prosesdə əsas tərəfdaşlardan biri kimi çıxış edir. Azərbaycanın təbii qazının Avropa bazarlarına nəqlini təmin edən Cənub Qaz Dəhlizi çərçivəsində İtaliya əsas idxalçı ölkələrdən biri olmaqla bu əməkdaşlığın strateji mahiyyətini daha da gücləndirir.

Enerji sahəsində əməkdaşlıq yalnız mövcud layihələrlə məhdudlaşmır. Görüş zamanı tərəflər bu istiqamətdə yeni imkanların mövcudluğunu da vurğulamış, xüsusilə qaz təchizatının artırılması və enerji marşrutlarının genişləndirilməsi məsələlərinə toxunmuşlar. Bu isə onu göstərir ki, Azərbaycan–İtaliya enerji tərəfdaşlığı dinamik inkişaf edən və perspektivə yönəlmiş əməkdaşlıq modelidir.

Digər tərəfdən, Ciorcia Meloni öz çıxışında Azərbaycanın Avropa üçün etibarlı enerji mənbəyi olduğunu xüsusi qeyd etmiş, ölkəsinin Azərbaycan ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Onun vurğuladığı kimi, enerji təhlükəsizliyi məsələsi bu gün Avropa üçün prioritet istiqamətlərdən biridir və Azərbaycan bu sahədə mühüm tərəfdaş rolunu oynayır.

Qeyd olunmalıdır ki, Azərbaycanın enerji siyasəti yalnız resursların ixracına deyil, həm də uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına yönəlib. Bu siyasətin əsas prinsipləri etibarlılıq, qarşılıqlı fayda və dayanıqlılıqdır. İtaliya ilə əməkdaşlıq isə məhz bu prinsiplər üzərində qurulmuş uğurlu model kimi çıxış edir.

Eyni zamanda, Azərbaycan enerji sahəsində şaxələndirmə siyasətini də uğurla həyata keçirir. Neft və qaz ixracı ilə yanaşı, alternativ və bərpa olunan enerji sahəsində də yeni layihələr gündəmə gətirilir. Bu isə gələcəkdə Azərbaycan–İtaliya əməkdaşlığının daha geniş enerji spektrini əhatə edəcəyini deməyə əsas verir.

 

Mehrac Gözəlov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Salyan RQİİ-nin Neftçala xidmət sahəsi üzrə rəis müavini