Bakı ilə Roma arasında siyasi dialoq qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli kimi çıxış edir.

2026-05-06 Baxış: 5
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 2026-cı il mayın 4-də Bakıda keçirilmiş görüş və mətbuata verilmiş bəyanatlar bir daha nümayiş etdirdi ki, Bakı ilə Roma arasında formalaşmış siyasi dialoq yüksək səviyyəli qarşılıqlı etimad və strateji yanaşma üzərində qurulub. Bu münasibətlər modeli müasir beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən sabit və dayanıqlı əməkdaşlıq nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, qarşılıqlı səfərlər və intensiv təmaslar münasibətlərin inkişafına mühüm töhfə verir. Bu fikirlər onu deməyə əsas verir ki, iki ölkə arasında dialoq epizodik xarakter daşımır, əksinə, sistemli və davamlı əsaslara söykənir. Məhz bu davamlılıq Azərbaycan–İtaliya münasibətlərinin strateji xarakter almasını şərtləndirən əsas amillərdəndir.

Məlumdur ki, Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf etmişdir. Bu prinsiplər beynəlxalq hüququn fundamental normalarına uyğun olmaqla yanaşı, həm də tərəflər arasında etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Bakı–Roma xətti üzrə siyasi dialoq yalnız ikitərəfli deyil, eyni zamanda çoxtərəfli platformalarda da özünü uğurla göstərir.

Görüş zamanı səsləndirilən fikirlərdən aydın olur ki, tərəflər beynəlxalq və regional məsələlərdə də bir-birinin mövqeyinə hörmətlə yanaşır və bir sıra məsələlərdə oxşar yanaşma nümayiş etdirirlər. Bu isə əməkdaşlığın yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını, həm də siyasi baxışların yaxınlaşması ilə müşayiət olunduğunu göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı etimad səviyyəsi olduqca yüksəkdir və bu amil münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni də öz bəyanatında Azərbaycan ilə siyasi münasibətlərin əhəmiyyətini xüsusi qeyd etmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan regionda mühüm rol oynayan, sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən etibarlı tərəfdaşdır. Bu yanaşma bir daha təsdiqləyir ki, İtaliya Azərbaycanı yalnız iqtisadi tərəfdaş kimi deyil, həm də siyasi baxımdan önəmli aktor kimi qiymətləndirir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu siyasət çərçivəsində müxtəlif dövlətlərlə, o cümlədən Avropa ölkələri ilə münasibətlər balanslı və qarşılıqlı fayda prinsipləri əsasında inkişaf etdirilir. İtaliya ilə münasibətlər isə bu siyasətin ən uğurlu istiqamətlərindən biri kimi çıxış edir.

Bakı ilə Roma arasında siyasi dialoqun digər mühüm xüsusiyyəti onun praktik nəticələrə yönəlməsidir. Yəni tərəflər arasında aparılan müzakirələr konkret layihələrə, razılaşmalara və təşəbbüslərə çevrilir. Bu isə münasibətlərin yalnız bəyanatlar səviyyəsində qalmadığını, real əməkdaşlıq mexanizmləri ilə müşayiət olunduğunu göstərir.

Eyni zamanda, bu əməkdaşlıq modeli digər ölkələr üçün də nümunəvi xarakter daşıyır. Qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və etimada əsaslanan münasibətlər beynəlxalq sistemdə sabitliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Azərbaycan–İtaliya münasibətləri bu baxımdan müsbət presedent kimi qiymətləndirilə bilər.

 

Valeh Tağıyev,

YAP Neftçala rayon təşkilatının veteran üzvü