Tarixi liderlərin siyasi irsi Azərbaycan–Türkiyə qardaşlığının strateji təməlidir.

Azərbaycan ilə Türkiyə arasındakı
münasibətlər ortaq tarixə, mədəni köklərə, dil birliyinə və qardaşlıq ənənələrinə
əsaslansa da, bu münasibətlərin müasir siyasi məzmun qazanmasında görkəmli dövlət
xadimlərinin müstəsna rolu olmuşdur. Bu gün iki qardaş dövlət arasında mövcud
olan müttəfiqlik münasibətləri təsadüfi siyasi prosesin deyil, uzun illər ərzində
formalaşmış strateji baxışın və uzaqgörən liderlik ənənəsinin nəticəsidir. Məhz
buna görə də 2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”
təkcə siyasi sənəd deyil, eyni zamanda tarixi irsə və ortaq ideallara sadiqliyin
ifadəsidir.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa
Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri
iki xalq arasındakı münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edən
tarixi kəlamlardan biridir. Bu fikir Azərbaycan və Türkiyə xalqlarının
taleyinin bir-biri ilə sıx bağlı olduğunu, qarşılıqlı dəstək və həmrəyliyin
münasibətlərin əsasını təşkil etdiyini göstərir. Atatürkün müəyyən etdiyi bu
siyasi və mənəvi xətt sonrakı dövrlərdə də öz aktuallığını qoruyub saxlamış, iki
ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynamışdır.
Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyev isə bu münasibətləri yeni mərhələyə yüksəldərək “Bir millət, iki dövlət”
konsepsiyasını irəli sürmüşdür. Bu prinsip Azərbaycan–Türkiyə münasibətlərinin
strateji mahiyyətini müəyyənləşdirən əsas siyasi formul kimi tarixə düşmüşdür.
Ulu Öndərin rəhbərliyi dövründə iki ölkə arasında siyasi, iqtisadi və humanitar
sahələrdə əməkdaşlığın möhkəm təməlləri yaradılmış, münasibətlər keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan və Türkiyə arasında mövcud
olan yüksək səviyyəli tərəfdaşlıq məhz Heydər Əliyevin uzaqgörən siyasətinin
mühüm nəticələrindən biridir.
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin
imzalanması mərasimində bu tarixi varisliyin əhəmiyyətini xüsusi vurğulayaraq
bildirmişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın
böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları
öz əksini tapıb”. Dövlət başçısının qeyd etdiyi kimi, bu tarixi sözlər yalnız
keçmişin siyasi irsi deyil, eyni zamanda Azərbaycan və Türkiyənin bu günkü fəaliyyətinin
əsas istiqamətlərini müəyyənləşdirən strateji yol xəritəsidir.
Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşada imzalanması da dərin siyasi və mənəvi məna daşıyır.
Qarabağın tacı sayılan Şuşa şəhəri 44 günlük Vətən müharibəsində qazanılmış
möhtəşəm Zəfərin simvoludur. Bəyannamənin işğaldan azad edilmiş Şuşada
imzalanması Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin yeni tarixi mərhələyə
qədəm qoyduğunu nümayiş etdirmişdir. Bu hadisə həm də dünyaya Azərbaycan-Türkiyə
birliyinin sarsılmaz olduğunu göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsi dövründə
Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bir daha sübut etdi
ki, iki ölkə arasındakı münasibətlər sıradan tərəfdaşlıq çərçivəsindən çox-çox
kənara çıxır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan və
Türkiyə ən çətin məqamlarda daim bir-birinin yanında olub, ortaq maraqların
qorunması istiqamətində birgə fəaliyyət göstəriblər. Məhz bu birlik və həmrəylik
bölgədə yeni geosiyasi reallıqların formalaşmasında mühüm rol oynayıb.
Bu gün Prezident İlham Əliyev və
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan–Türkiyə münasibətləri
özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Siyasi dialoq, təhlükəsizlik,
müdafiə sənayesi, enerji, nəqliyyat, ticarət, təhsil və humanitar sahələrdə əməkdaşlıq
davamlı şəkildə genişlənir. İki ölkənin həyata keçirdiyi nəhəng regional layihələr
yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə
mühüm töhfələr verir.
Şuşa Bəyannaməsi göstərir ki, Atatürkün
və Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də yaşayır və uğurla davam
etdirilir. Bu sənəd ortaq tarixi yaddaşa, qardaşlıq ənənələrinə və strateji
maraqlara söykənən münasibətlərin hüquqi-siyasi ifadəsi olmaqla yanaşı, gələcək
nəsillər üçün də mühüm istiqamət müəyyən edir. Tarixi liderlərin ideyaları üzərində
qurulan Azərbaycan–Türkiyə birliyi XXI əsrdə regionun ən güclü müttəfiqlik
modellərindən biri kimi çıxış edir və gələcəkdə daha böyük uğurlar üçün möhkəm
zəmin yaradır.
Nigar Sadıqova,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Boyat kənd İƏD üzrə nümayəndəliyin
baş məsləhətçisi
Digər xəbərlər



