Şuşa Bəyannaməsi gələcək nəsillər üçün strateji yol xəritəsidir.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər
ortaq tarixə, milli-mənəvi dəyərlərə və qardaşlıq bağlarına əsaslansa da, bu əlaqələrin
əsas fərqləndirici xüsusiyyəti onun gələcəyə hesablanmış strateji xarakter
daşımasıdır. Son illərdə regionda və dünyada baş verən geosiyasi dəyişikliklər
fonunda Azərbaycan-Türkiyə münasibətləri yeni məzmun qazanıb, əməkdaşlığın əhatə
dairəsi daha da genişlənib. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Müttəfiqlik
Bəyannaməsi isə təkcə mövcud münasibətlərin təsdiqi deyil, həm də gələcək əməkdaşlığın
əsas istiqamətlərini müəyyən edən strateji yol xəritəsi kimi mühüm əhəmiyyət
daşıyır.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin
qarşıdakı dövrdə regional və beynəlxalq proseslərdə birgə fəaliyyətinin əsas
prinsiplərini müəyyənləşdirir. Sənəd göstərir ki, iki qardaş dövlət münasibətləri
yalnız bu günün ehtiyacları əsasında deyil, uzunmüddətli milli maraqlar və gələcək
inkişaf hədəfləri nəzərə alınmaqla qurur. Məhz buna görə də Bəyannamə XXI əsrdə
Azərbaycan-Türkiyə əməkdaşlığının strateji manifesti kimi qiymətləndirilir.
44 günlük Vətən müharibəsindən sonra Cənubi
Qafqazda yaranmış yeni geosiyasi reallıqlar Azərbaycan və Türkiyə qarşısında
yeni imkanlar açıb. İşğaldan azad olunmuş ərazilərin bərpası, regionda
dayanıqlı sülhün təmin olunması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və nəqliyyat-kommunikasiya
xətlərinin inkişafı gələcək əməkdaşlığın mühüm istiqamətləri sırasındadır. Şuşa
Bəyannaməsi bu proseslərdə iki ölkənin birgə fəaliyyətini nəzərdə tutmaqla bölgənin
gələcək inkişaf modelinə də öz töhfəsini verir.
Sənəddə xüsusi yer tutan məsələlərdən
biri nəqliyyat və logistika əlaqələrinin daha da gücləndirilməsidir. Azərbaycanın
təşəbbüsü ilə formalaşan və Türkiyənin fəal dəstək verdiyi Orta Dəhliz son illərdə
Avrasiya məkanının ən perspektivli nəqliyyat marşrutlarından birinə çevrilib.
Qlobal iqtisadi münasibətlərdə baş verən dəyişikliklər bu marşrutun əhəmiyyətini
daha da artırır. Şuşa Bəyannaməsi çərçivəsində həyata keçirilən əməkdaşlıq gələcəkdə
Azərbaycan və Türkiyənin beynəlxalq nəqliyyat və ticarət sistemində rolunu daha
da gücləndirəcək.
Müttəfiqlik münasibətlərinin gələcək
perspektivləri Türk dünyasının inteqrasiyası ilə də sıx bağlıdır. Azərbaycan və
Türkiyə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin əsas təşəbbüskarları
kimi çıxış edirlər. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi və
humanitar əlaqələrin inkişafı istiqamətində əldə olunan uğurlar göstərir ki, bu
əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsi də Türk
dünyasının birliyinin möhkəmləndirilməsi baxımından mühüm siyasi sənəd hesab
olunur.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın
inkişafı da gələcək münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan və
Türkiyə bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol
oynayırlar. Yeni enerji layihələrinin həyata keçirilməsi, yaşıl enerji sahəsində
əməkdaşlığın genişləndirilməsi və enerji marşrutlarının şaxələndirilməsi gələcək
dövr üçün prioritet məsələlər sırasındadır. Bu sahədə birgə fəaliyyət hər iki
dövlətin strateji əhəmiyyətini daha da artırır.
Rəqəmsal transformasiya, innovasiya və
yüksək texnologiyalar sahəsində əməkdaşlıq da gələcək münasibətlərin mühüm
istiqamətlərindən biri kimi ön plana çıxır. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi
yalnız iqtisadi göstəricilərlə deyil, texnoloji imkanlarla da ölçülür. Azərbaycan
və Türkiyə bu sahədə qarşılıqlı təcrübə mübadiləsini genişləndirməklə gələcəyin
çağırışlarına daha hazırlıqlı şəkildə cavab verməyi hədəfləyirlər.
Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi təkcə iki ölkənin deyil, bütövlükdə
regionun inkişafına xidmət edir. Şuşa Bəyannaməsi bu birliyin gələcəkdə daha da
güclənəcəyini və yeni məzmun qazanacağını təsdiqləyən mühüm siyasi sənəddir.
Müttəfiqlik münasibətlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi qarşıdakı
illərdə əməkdaşlığın daha sistemli və məqsədyönlü şəkildə inkişafına şərait
yaradır.
Bu gün Azərbaycan və Türkiyə regionun gələcəyini
müəyyən edən əsas aktorlardan biri kimi çıxış edir. Şuşa Bəyannaməsi isə göstərir
ki, iki qardaş dövlət ortaq tarixdən güc almaqla yanaşı, gələcəyə də birlikdə
addımlayır. Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar üzərində
qurulan bu münasibətlər gələcək nəsillər üçün də etibarlı əməkdaşlıq modeli
olaraq qalacaq.
Vurğun Şirəliyev,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatınnı sədri
Neftçala Elektrik Şəbəkəsinin mühəndisi
Digər xəbərlər



