15 İyun – Milli Qurtuluş Günü : Müstəqilliyimizin Dönüş Nöqtəsi və Əbədi Suverenliyimizin Təməli

Hər
bir xalqın tarixində onun varlığını, gələcək taleyini və dövlətçilik xəttini müəyyən
edən strateji dönüş nöqtələri mövcuddur. Azərbaycan xalqı üçün belə bir tarixi
milad heç şübhəsiz ki, 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün sadəcə təqvim dəyişikliyi
deyil, real təhdidlər qarşısında suverenliyin müdafiəsi və möhkəmləndirilməsi
prosesinin, bütöv bir dövlətin uçurumun kənarından xilas edilməsinin rəsmi başlanğıcıdır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın
müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə
qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır.
Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
1990-cı
illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası
son dərəcə mürəkkəb geo-iqtisadi və hərbi-siyasi böhran içərisində boğulurdu.
1992-ci ilin iyun ayında hakimiyyətə gələn AXC üzvləri, dövlət idarəçiliyini təmin
etmək əvəzinə, dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Səriştəsiz idarəçilik
daxili iddiaları alovlandırır, hakimiyyət çəkişmələri isə ölkəni vətəndaş
müharibəsinin astanasına gətirirdi. Bu daxili xaos xarici təhdidlərin təsir
daxilini daha da genişləndirirdi. Ulu Öndər Heydər Əliyev həmin dövrün mənzərəsini
elmi-fəlsəfi dəqiqliklə belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm
daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə,
zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə
bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində
Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə
hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir
ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Dövlətin
parçalanma və xəritədən silinmə təhlükəsi qarşısında xalq öz yeganə ümid pənahına
– dahi dövlət xadimi Heydər Əliyevə üz tutdu. Bakıya dəvət olunan və 15 iyun
1993-cü ildə Ali Sovetin sədri seçilən Ulu Öndər, üzərinə götürdüyü bu tarixi
missiya ilə Azərbaycanın xilaskarı oldu. Heydər Əliyev rəhbərliyə gəldiyi ilk
andan etibarən dövlətin xəttini müəyyən etdi və Ali Sovet kürsüsündən xalqa
strateji vədini verdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin
üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin
edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü
aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm.
Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin
vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi
anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali
Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan
Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf
etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan
Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən
proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və
heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada
olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi
inkişaf etməsinə həsr edəcəyəm”. Ulu Öndərin bu unudulmaz bəyanatı onun sonrakı
fəaliyyətinin əsas formulasına çevrildi: “Mənim həyatım da, fəaliyyətim də
yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin
bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.
Tarixçilər
və sosioloqlar Ümummilli Liderin bu misilsiz tarixi missiyasının uğurunu üç
mühüm fundamental amillə əlaqələndirirlər: xalqın Heydər Əliyevə olan möhkəm,
sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti;
Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız
sevgisi. Cəmiyyətin lider ətrafında monolit birliyi daxili sabitliyin bərpasında,
onun beynəlxalq miqyaslı siyasi təcrübəsi və xarizması isə xarici təzyiqləri
neytrallaşdırmaqda həlledici rol oynadı.
Ulu
Öndərin dövlətçilik strategiyasının prioritet hədəfi, onun ən böyük arzusu
işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası
idi. Bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan məhz Ulu Öndər Heydər
Əliyev fenomeninin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və
suverenliyi tam təmin olunmuş qüdrətli Azərbaycandır. Şuşada, Xankəndidə
dalğalanan üçrəngli bayrağımız Heydər Əliyev ideyalarının zəfəri, onun siyasi
kursunun layiqli davamının məntiqi nəticəsidir. Xalqımız dövlətimizi yox
olmaqdan xilas edən, bizə mənliyimizi və müstəqilliyimizi qaytaran Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. 15 İyun sadəcə keçmişə
ehtiram günü deyil, həm də gələcəyə inamla baxan güclü Azərbaycanın rəmzidir.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



