Milli Qurtuluşdan böyük Zəfərə aparan yol

Azərbaycan
xalqının müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü taleyüklü hadisə, dövlətçiliyimizin
xilası və gələcək inkişaf yolunun başlanğıcı kimi xüsusi yer tutur. Bu gün
yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin
qorunması, milli birliyin təmin edilməsi və ölkənin parçalanmaq təhlükəsindən
xilas olması ilə əlamətdardır.
1990-cı
illərin əvvəllərində Azərbaycan çox ağır sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın
hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, ölkə
daxilində siyasi böhran, hakimiyyət uğrunda mübarizə və xaos hökm sürmüşdü.
Dövlət müstəqilliyi ciddi təhlükə qarşısında idi. Belə bir mürəkkəb zamanda Azərbaycan
xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ölkəmizin tarixində yeni bir mərhələnin əsasını qoydu.
1993-cü
il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçilməsi xalqın ümidlərinin gerçəyə çevrilməsi idi. Ulu Öndər bu məsuliyyətli
vəzifəni qəbul edərkən dövlət müstəqilliyinin qorunmasını, möhkəmləndirilməsini
və Azərbaycanın gələcək inkişafını özünün ən ali vəzifəsi elan etdi. Onun “Mənim
həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır” fikri bütün siyasi fəaliyyətinin əsas məramını ifadə edirdi.
Heydər
Əliyevin xilaskarlıq missiyasının uğur qazanmasında üç mühüm amil xüsusi rol
oynadı: xalqın ona olan sonsuz etimadı, onun dərin dövlətçilik təcrübəsi və Azərbaycan
xalqına, Vətəninə olan tükənməz sevgisi. Məhz bu uzaqgörən siyasət nəticəsində
ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi sürətləndi,
Azərbaycanın beynəlxalq nüfuzu artdı və davamlı inkişafın möhkəm təməli
yaradıldı.
Ulu
Öndərin ən böyük arzusu Azərbaycanı güclü, müstəqil və bütöv görmək idi. Bu
arzu Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi. Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi tam təmin edildi, ölkəmiz regionun ən qüdrətli dövlətlərindən
birinə çevrildi.
Bu
gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla
yad edir. Milli Qurtuluş Günü bir daha göstərir ki, xalqın taleyində həlledici
məqamlarda güclü liderlik, milli birlik və Vətən sevgisi dövlətin xilası və
inkişafının əsas şərtidir.
Prezident
İlham Əliyevin dediyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi
idi.” Həqiqətən də 15 İyun 1993-cü ildə başlayan qurtuluş yolu Azərbaycanı
bugünkü qüdrətli, müstəqil və qalib dövlət səviyyəsinə yüksəltdi.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



