15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günüdür.

XX
əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan
qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət
böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya
respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki
dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə,
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq,
avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə
yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan,
siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali
arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə
çıxara bilmirdi.
Ümummilli
lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə
edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil
yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin
tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın
Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə
uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun
ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq
özü saldı”.Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək
taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu
öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan
Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi
bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin
taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı
nicata aparan yol bilavasitə həmin gündən başlandı.İyunun 15-də Heydər Əliyev
Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın
qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim
həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini,
sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik
olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan,
yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq
missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən
ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bu
gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Dövran
Həsənov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri.
Digər xəbərlər



