15 İyun 1993-cü il Milli Qurtuluş Günü – Böyük Zəfərə və tam suverenliyə aparan yolun başlanğıcı

Azərbaycan
xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə
bir hadisənin deyil, bütöv bir dövrün başlanğıcı kimi qiymətləndirilir. 15 İyun
– Milli Qurtuluş Günü məhz belə taleyüklü günlərdəndir. Bu tarix Azərbaycan
dövlətçiliyinin xilası, xalqın gələcəyə inamının bərpası, müstəqilliyimizin
qorunması və bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulması ilə xarakterizə
olunur. Hər il böyük ehtiramla qeyd etdiyimiz Milli Qurtuluş Günü bu gün artıq
fərqli bir məna daşıyır. Çünki Azərbaycan xalqı bu tarixi günü qalib xalq kimi,
ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlətin vətəndaşları kimi
qeyd edir.
Bu
gün böyük qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində əldə
edilən tarixi Zəfər, 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası, Qarabağ
və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri öz başlanğıcını məhz
1993-cü il 15 İyun tarixindən götürür. Həmin gün Azərbaycanın müasir tarixində
yeni bir mərhələnin başlanğıcı oldu. Xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən
və müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi.
1990-cı
illərin əvvəllərində Azərbaycan son dərəcə ağır vəziyyətlə üzləşmişdi. Ermənistanın
hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə siyasi böhran dərinləşir,
iqtisadiyyat iflic vəziyyətinə düşür, dövlət idarəçiliyində xaos hökm sürürdü.
Ayrı-ayrı silahlı dəstələrin fəaliyyət göstərdiyi, hakimiyyət böhranının
yaşandığı bir dövrdə dövlət müstəqilliyinin taleyi ciddi təhlükə altında idi.
Belə bir mürəkkəb şəraitdə xalq öz ümidini böyük dövlətçilik təcrübəsinə malik
olan Ulu Öndər Heydər Əliyevə bağladı.
1993-cü
ilin iyununda baş verən hadisələr Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi.
Xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyin
bərpasına nail oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə
dövlətçiliyimizin xilasının hüquqi və siyasi əsasını formalaşdırdı. Sonradan bu
günün Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyildir. Çünki məhz həmin
tarixdən etibarən Azərbaycan dağılmaq təhlükəsindən inkişaf və tərəqqi yoluna qədəm
qoydu.
Ulu
Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi
sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunun aliliyi bərpa
olundu. Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirildi və milli
maraqlara əsaslanan siyasət həyata keçirilməyə başlandı. Məhz həmin dövrdə
atılan addımlar sonrakı illərdə ölkəmizin iqtisadi, siyasi və hərbi gücünün
formalaşmasına şərait yaratdı.
1994-cü
ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin
əsasını qoydu. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, enerji layihələrinin
həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi nəticəsində Azərbaycan
regionun aparıcı dövlətlərindən birinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi neft
strategiyası sonrakı illərdə ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində həlledici
rol oynadı.
Milli
Qurtuluşun ən mühüm nəticələrindən biri də güclü Azərbaycan Ordusunun
formalaşdırılması oldu. Dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən
biri kimi ordu quruculuğuna xüsusi diqqət yetirildi. Sonrakı dövrdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu siyasət daha da inkişaf etdirildi, Azərbaycan
Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Nəticədə 2020-ci ildə
xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, Vətən müharibəsində möhtəşəm
Zəfər qazanıldı.
Bu
Zəfər təkcə hərbi qələbə deyildi. Bu, Ulu Öndər Heydər Əliyevin ideyalarının,
dövlətçilik məktəbinin və milli inkişaf strategiyasının təntənəsi idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi qələbə nəticəsində
Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu, 2023-cü ilin
sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə
dövlətimizin suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi.
Bu
gün Azərbaycanın hər yerində, o cümlədən Şuşada, Xankəndidə, Xocalıda, Laçında,
Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və Qubadlıda üçrəngli
Dövlət Bayrağımız qürurla dalğalanır. İşğaldan azad olunmuş torpaqlarda geniş
quruculuq işləri aparılır, yeni şəhər və kəndlər salınır, keçmiş məcburi
köçkünlər doğma yurdlarına qayıdırlar. Böyük Qayıdış proqramı çərçivəsində minlərlə
insan artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, çalışır və təhsil alır.
Milli
Qurtuluşdan başlanan yol Azərbaycanın beynəlxalq nüfuzunun artmasını da təmin
etmişdir. Bu gün Azərbaycan regionun lider dövləti, beynəlxalq enerji təhlükəsizliyinin
mühüm iştirakçısı və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin təşəbbüsü ilə həyata
keçirilən enerji, nəqliyyat və logistika layihələri Avrasiyanın iqtisadi xəritəsini
dəyişdirən mühüm layihələrə çevrilmişdir.
Qurtuluşun
müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın inkişafını
daha da sürətləndirir, ölkəmizin beynəlxalq mövqelərini gücləndirir. Qarabağın
və Şərqi Zəngəzurun bərpası, yeni iqtisadi imkanların yaradılması, milli həmrəyliyin
möhkəmləndirilməsi Azərbaycanın gələcəyinə olan inamı daha da artırır.
Bu
gün 15 İyun – Milli Qurtuluş Gününü qeyd edərkən bir daha əmin oluruq ki,
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasaydı, bugünkü
qüdrətli, qalib və suveren Azərbaycan da olmazdı. Milli Qurtuluşdan başlayan
yol xalqımızı Böyük Zəfərə, tam suverenliyə və yeni inkişaf mərhələsinə gətirib
çıxardı.
Azərbaycan
xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir, onun
müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin nəticələrini qürur hissi ilə yaşayır. Milli Qurtuluş Günü təkcə
keçmişə ehtiram deyil, həm də gələcəyə inam, dövlətçiliyimizin əbədi və dönməz
olduğunu təsdiqləyən tarixi gündür.
Bayram
Xudayarov,
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



