Milli Qurtuluş Günü müasir Azərbaycanın başlanğıc nöqtəsidir.

2026-06-12 Baxış: 54
img

Tarixdə elə günlər vardır ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcək taleyini müəyyənləşdirir. Azərbaycan xalqının taleyində müstəsna yer tutan 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi hadisələrdəndir. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi və ya dövlət idarəçiliyində yeni mərhələnin başlanması deyil, müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması, möhkəmləndirilməsi və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Məhz buna görə Milli Qurtuluş Günü müasir Azərbaycanın başlanğıc nöqtəsi kimi qiymətləndirilir.

Azərbaycan xalqı XX əsrin sonlarında öz dövlət müstəqilliyini yenidən bərpa etsə də, müstəqilliyin ilk illərində ölkə son dərəcə mürəkkəb sınaqlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal olunur, iqtisadi böhran dərinləşir, dövlət idarəçiliyində xaos hökm sürürdü. Ölkədə siyasi qarşıdurmaların artması, hakimiyyət daxilində çəkişmələrin dərinləşməsi və dövlət institutlarının zəifləməsi Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993-cü ilin iyununda vəziyyət daha da gərginləşdi. Dövlət hakimiyyəti faktiki olaraq iflic vəziyyətinə düşmüş, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar mövcud idi. Həmin mürəkkəb və taleyüklü dövrdə xalq öz xilaskarını seçdi. Milyonlarla insanın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı ölkənin taleyində həlledici dönüş yaratdı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Sonralar bu tarixin Milli Qurtuluş Günü kimi qeyd olunması da həmin hadisənin əsl mahiyyətindən irəli gəlir. Çünki məhz həmin gündən etibarən Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq inkişaf və sabitlik yoluna qədəm qoydu.

Ulu Öndər Heydər Əliyev həmin dövrdə qarşıda duran vəzifələrin miqyasını və məsuliyyətini dərindən dərk edirdi. Ali Sovetin iclasında çıxışı zamanı o bildirmişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”. Bu fikir sonrakı illərdə həyata keçirilən siyasətin əsas fəlsəfəsini təşkil etdi.

Milli Qurtuluşdan sonra ölkədə ilk növbədə ictimai-siyasi sabitliyin təmin olunmasına nail olundu. Dövlətçiliyə qarşı yönəlmiş təhlükələr aradan qaldırıldı, qanunsuz silahlı birləşmələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət hakimiyyəti institutları gücləndirildi. Hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, demokratik inkişaf üçün zəruri siyasi mühit formalaşdırıldı.

Qurtuluşdan sonrakı dövrün ən mühüm xüsusiyyətlərindən biri Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkənin beynəlxalq əlaqələri genişləndirildi, xarici siyasətdə milli maraqlara əsaslanan kurs müəyyən edildi, iqtisadi inkişafın möhkəm təməlləri yaradıldı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi və ölkənin uzunmüddətli inkişafının əsasını qoydu.

Milli Qurtuluş həm də Azərbaycan dövlətinin gələcək hərbi qüdrətinin formalaşmasına zəmin yaratdı. Məhz həmin illərdə peşəkar ordu quruculuğunun əsası qoyuldu, milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Sonrakı dövrlərdə əldə olunan uğurlar, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həmin siyasətin nə qədər uzaqgörən olduğunu bir daha təsdiqlədi.

Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Müstəqil siyasət həyata keçirən, beynəlxalq aləmdə nüfuzu daim yüksələn, milli maraqlarını qətiyyətlə müdafiə edən ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Milli Qurtuluş dayanır. Dövlət müstəqilliyinin qorunması, iqtisadi inkişaf, güclü ordu quruculuğu, milli həmrəyliyin təmin olunması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi məhz həmin tarixi dönüş nöqtəsinin nəticələridir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Həqiqətən də, bu gün Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların başlanğıcında 15 İyun 1993-cü il dayanır. Milli Qurtuluş Günü təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin hadisəsidir. Azərbaycanın müasir inkişaf modelinin, güclü dövlətçilik ənənələrinin və tam suveren dövlət reallığının əsasında məhz həmin tarixi gün dayanır. Buna görə də Milli Qurtuluş Günü haqlı olaraq müasir Azərbaycanın başlanğıc nöqtəsi hesab edilir.

 

Elman Quliyev,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru