AXC-Müsavat hakimiyyətinin daxili çəkişmələri ölkəni böhran həddinə çatdırmışdı.

2026-06-12 Baxış: 72
img

Dövlətlərin tarixində elə dövrlər olur ki, həmin mərhələlərdə qəbul edilən qərarlar və həyata keçirilən siyasət uzun illər ölkənin taleyinə təsir göstərir. Azərbaycanın müstəqilliyinin ilk illəri də belə mürəkkəb və məsuliyyətli mərhələlərdən biri olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan eyni zamanda ağır müharibə şəraiti, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik və xarici təzyiqlərlə üzləşmişdi. Belə bir şəraitdə dövlət idarəçiliyində peşəkarlıq, milli maraqlara söykənən siyasət və güclü liderlik xüsusi əhəmiyyət daşıyırdı. Təəssüf ki, 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat iqtidarı bu tarixi məsuliyyətin öhdəsindən gələ bilmədi.

Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifə dövlət müstəqilliyini möhkəmləndirmək, torpaqların müdafiəsini təmin etmək və daxili sabitliyi qorumaq idi. Lakin hakimiyyət daxilində hökm sürən fikir ayrılıqları, siyasi ambisiyalar və qarşılıqlı ittihamlar dövlət maraqlarını arxa plana keçirmişdi. Hakimiyyətə gələn qüvvələr dövlət quruculuğuna deyil, daha çox öz daxilində mövqe savaşına üstünlük verirdilər. Nəticədə ölkədə idarəetmə sistemi zəiflədi, dövlət institutlarının fəaliyyəti iflic vəziyyətinə düşdü.

AXC-Müsavat hakimiyyəti dövründə siyasi proseslər milli maraqlardan daha çox ayrı-ayrı qrupların maraqları əsasında formalaşırdı. Dövlət idarəçiliyində peşəkar kadrların əvəzinə siyasi yaxınlıq prinsipi ön plana çəkilir, strateji qərarlar isə çox zaman emosional və düşünülməmiş şəkildə qəbul edilirdi. Bu isə həm daxili idarəetmədə, həm də xarici siyasətdə ciddi problemlərə yol açırdı.

Ölkə daxilində yaranmış xaos və qeyri-müəyyənlik Ermənistanın işğalçılıq siyasətini daha da genişləndirməsinə əlverişli şərait yaratdı. 1992-1993-cü illərdə Azərbaycanın bir sıra rayonları işğal edildi, hərbi uğursuzluqlar ardıcıl xarakter aldı. Cəbhədəki vəziyyət ağırlaşdıqca hakimiyyət daxilində qarşılıqlı ittihamlar da artırdı. Dövlətin bütün resursları torpaqların müdafiəsinə və milli təhlükəsizliyin təmin olunmasına yönəldilməli olduğu halda, siyasi dairələr arasında nüfuz uğrunda mübarizə davam edirdi.

Ulu Öndər Heydər Əliyev sonralar həmin dövrü xarakterizə edərək bildirirdi ki, 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələr bir il sonra xalq tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Bunun əsas səbəbi ölkədə hökm sürən böhran, Ermənistanın təcavüzü fonunda dövlət idarəçiliyinin zəifləməsi və hakimiyyət daxilində baş verən çəkişmələr idi.

1993-cü ilin yayında vəziyyət kulminasiya nöqtəsinə çatdı. Gəncə hadisələri ölkədə vətəndaş qarşıdurması təhlükəsini reallığa çevirdi. Mərkəzi hakimiyyət proseslərə nəzarəti itirmişdi. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti genişlənir, bölgələrdə mərkəzdənqaçma meyilləri güclənirdi. Azərbaycan faktiki olaraq parçalanma və müstəqilliyini itirmə təhlükəsi ilə üz-üzə qalmışdı.

Tarixi hadisələrin gedişi göstərdi ki, dövlətçilik təcrübəsi olmayan, milli maraqları şəxsi və qrup maraqlarından üstün tuta bilməyən siyasi qüvvələr ölkəni böhrandan çıxarmaq iqtidarında deyildilər. Xalq yaranmış vəziyyətdən çıxış yolunu yalnız böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Məhz buna görə də cəmiyyətin müxtəlif təbəqələrinin təkidli tələbi ilə Ulu Öndər 1993-cü ilin iyununda Bakıya dəvət olundu.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni mərhələ başlandı. Dövlətçiliyə qarşı yönəlmiş təhlükələr aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı. Ən əsası isə Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edildi. Sonrakı illərdə əldə olunan uğurlar – iqtisadi inkişaf, beynəlxalq nüfuzun artması, güclü ordu quruculuğu və nəhayət, ərazi bütövlüyü ilə suverenliyin tam bərpası həmin tarixi qərarın nə qədər həyati əhəmiyyət daşıdığını göstərdi.

Bu gün 1992-1993-cü illərin hadisələrinə nəzər saldıqda aydın görünür ki, AXC-Müsavat hakimiyyətinin daxili çəkişmələri və səriştəsiz idarəçiliyi ölkəni dərin böhran həddinə çatdırmışdı. Azərbaycanın həmin təhlükəli mərhələni geridə qoyaraq güclü və müstəqil dövlətə çevrilməsi isə xalqın düzgün seçimi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində mümkün oldu. Məhz buna görə Milli Qurtuluş təkcə bir siyasi hadisə deyil, Azərbaycan dövlətçiliyinin qorunmasının və gələcək inkişafının təməlidir.

 

Yalçın Səfərov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin mühəndis-hidrometri