Milli müstəqilliyin xilası naminə ömrünü Vətənə həsr edən Lider

2026-06-12 Baxış: 36
img

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti müəyyən bir dövrün deyil, bütöv bir xalqın taleyi ilə bağlıdır. Belə nadir tarixi şəxsiyyətlərdən biri, şübhəsiz ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir. Onun zəngin siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və xalqa xidmət missiyası Azərbaycan tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Ulu Öndərin həyat yoluna nəzər saldıqda aydın görünür ki, onun bütün fəaliyyəti bir məqsədə – Azərbaycanın milli maraqlarının qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və xalqın rifahının yüksəldilməsinə xidmət edib.

Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm xüsusiyyətlərindən biri onun milli dövlətçilik təfəkkürünə malik lider olması idi. Hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli kadr potensialının formalaşdırılması, iqtisadi inkişafın sürətləndirilməsi, elm, təhsil və mədəniyyət sahələrində əldə olunan nailiyyətlər gələcək müstəqil dövlət quruculuğu üçün möhkəm zəmin yaratmışdı. Azərbaycanın ittifaq miqyasında geridə qalan respublikadan qabaqcıl mövqelərə yüksəlməsi məhz həmin dövrdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi.

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra isə Azərbaycan yeni və daha mürəkkəb çağırışlarla üzləşdi. Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, daxili siyasi qarşıdurmalar və idarəetmə böhranı dövlətçiliyin gələcəyini ciddi təhlükə altına qoymuşdu. Xüsusilə 1992-1993-cü illərdə ölkədə yaranmış vəziyyət Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini real reallığa çevirmişdi. Məhz belə bir zamanda xalqın tələbi ilə Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı dövlətçilik tariximizin taleyüklü hadisəsinə çevrildi.

Ulu Öndər hakimiyyətə qayıdışının ilk günlərindən Azərbaycanın gələcəyini dövlət müstəqilliyinin qorunması ilə əlaqələndirirdi. Onun 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildikdən sonra səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyev bəyan edirdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.

Bu sözlər siyasi bəyanatdan daha çox, Ulu Öndərin həyat amalının ifadəsi idi. Sonrakı illərdə həyata keçirilən bütün islahatlar və qəbul olunan strateji qərarlar məhz bu məqsədə xidmət etdi. Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının formalaşdırılması, hüquqi dövlət quruculuğu, milli iqtisadi inkişaf strategiyasının hazırlanması və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi müstəqilliyin möhkəmləndirilməsi siyasətinin əsas istiqamətlərini təşkil edirdi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan qısa müddətdə dağılmaq təhlükəsi ilə üzləşən ölkədən regionun aparıcı dövlətinə çevrilməyə başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələ açdı. Xarici siyasətdə balanslaşdırılmış və milli maraqlara söykənən kurs Azərbaycanın beynəlxalq mövqelərini gücləndirdi. Ordu quruculuğu istiqamətində atılan addımlar gələcək qələbələrin təməlini formalaşdırdı.

Ulu Öndərin fəaliyyətinin mərkəzində həmişə Azərbaycan xalqının maraqları dayanırdı. O, müstəqilliyin sadəcə hüquqi status deyil, güclü dövlət, qüdrətli iqtisadiyyat, milli birlik və təhlükəsizliklə təmin olunan dəyər olduğunu dəfələrlə vurğulayırdı. Məhz buna görə də dövlətçilik, milli həmrəylik və vətənpərvərlik ideyaları onun siyasi irsinin əsas sütunlarına çevrildi.

Heydər Əliyevin Azərbaycan qarşısındakı tarixi xidmətləri yalnız müstəqilliyin qorunması ilə məhdudlaşmır. O, eyni zamanda gələcək inkişafın strateji istiqamətlərini müəyyənləşdirən siyasi məktəb formalaşdırdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin məktəbin müasir dövrün çağırışlarına uyğun uğurlu davamıdır. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, Vətən müharibəsində əldə olunan tarixi Zəfər və dövlət suverenliyinin tam bərpa edilməsi Heydər Əliyev ideyalarının həyatiliyini bir daha sübut edir.

Ulu Öndər deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bu fikir onun həyat yolunun, siyasi fəaliyyətinin və dövlətçilik missiyasının ən dəqiq ifadəsidir. Həqiqətən də, Heydər Əliyev bütün ömrünü xalqına və dövlətinə xidmətə həsr etmiş, Azərbaycanın müstəqilliyini ən ali dəyər kimi qorumuşdur.

Bu gün müasir, güclü, qalib və tam suveren Azərbaycan Ulu Öndərin uzaqgörən siyasətinin və xalqına sonsuz bağlılığının ən möhtəşəm nəticəsidir. Milli müstəqilliyin xilası naminə ömrünü Vətənə həsr edən Liderin əziz xatirəsi və zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaqdır.

 

Nicat Cəfərov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala Rayon Təhsil sektorunun müdiri