Ulu Öndərin tarixi missiyasını mümkün edən üç mühüm amil

Tarix göstərir ki, xalqların taleyində
dönüş yaradan hadisələrin arxasında təkcə siyasi proseslər deyil, həm də böyük
şəxsiyyətlərin iradəsi, xalqın etimadı və milli ideallar dayanır. Azərbaycanın
müasir tarixində Milli Qurtuluş hadisəsi də məhz belə nadir tarixi nümunələrdən
biridir. 1993-cü ildə dövlət müstəqilliyini itirmək, vətəndaş qarşıdurması və
parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı bu ağır böhrandan çıxaran
amillər sırasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi yer
tutur. Lakin bu tarixi missiyanın uğurla həyata keçirilməsini təmin edən
bir-biri ilə sıx bağlı üç mühüm amil də vardır: xalqın Heydər Əliyevə olan
sarsılmaz inamı və dəstəyi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və dövlətçilik
təcrübəsi, həmçinin onun Azərbaycan xalqına və Vətəninə sonsuz sevgisi.
Milli Qurtuluşun əsasını təşkil edən
birinci amil xalqın Ulu Öndərə olan güclü etimadı idi. Tarixdə nadir hallarda
rast gəlinir ki, bir xalq ən çətin və taleyüklü məqamda öz xilaskarını bu qədər
dəqiq müəyyən edə bilsin. 1993-cü ilin iyununda Azərbaycanda yaşanan böhran
dövründə cəmiyyətin bütün təbəqələrinin baxışları məhz Heydər Əliyevə yönəlmişdi.
Bunun səbəbi təsadüfi deyildi. Azərbaycan xalqı onun rəhbərliyi dövründə əldə
olunan uğurları, yüksək idarəçilik qabiliyyətini və milli maraqlara bağlılığını
yaxşı xatırlayırdı. İnsanlar əmin idilər ki, ölkəni düşdüyü ağır vəziyyətdən
çıxarmağa qadir yeganə şəxs məhz Heydər Əliyevdir.
Bu etimad təkcə siyasi dəstək deyil,
xalqın öz gələcəyini müəyyənləşdirmək iradəsinin ifadəsi idi. Məhz xalqın təkidli
tələbi nəticəsində Heydər Əliyevin Bakıya qayıdışı mümkün oldu. Sonrakı hadisələr
göstərdi ki, xalq öz seçimində yanılmamışdı. Dövlətçiliyin qorunması,
sabitliyin bərpası və inkişaf strategiyasının müəyyənləşdirilməsi bu etimadın nə
qədər əsaslı olduğunu sübut etdi.
Ulu Öndərin tarixi missiyasını mümkün edən
ikinci mühüm amil onun şəxsiyyətinin böyüklüyü, siyasi müdrikliyi və zəngin
dövlətçilik təcrübəsi idi. Heydər Əliyev müasir Azərbaycan tarixində yalnız
siyasi lider deyil, eyni zamanda böyük dövlət xadimi, strateq və milli
maraqların qətiyyətli müdafiəçisi kimi xüsusi yer tutur. Onun rəhbərlik etdiyi
dövrlərdə qəbul olunan qərarlar yalnız mövcud problemlərin həllinə deyil, həm də
Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərinə hesablanmışdı.
1993-cü ildə ölkədə yaranmış mürəkkəb vəziyyətin
miqyası son dərəcə böyük idi. Ermənistanın hərbi təcavüzü davam edir, iqtisadi
böhran dərinləşir, dövlət idarəçiliyi iflic vəziyyətinə düşür, vətəndaş
qarşıdurması təhlükəsi artırdı. Belə bir şəraitdə vəziyyəti düzgün qiymətləndirmək,
milli maraqlara uyğun qərarlar qəbul etmək və cəmiyyəti vahid məqsəd ətrafında
birləşdirmək yalnız böyük siyasi təcrübəyə malik liderin bacaracağı iş idi.
Heydər Əliyev məhz bu tarixi missiyanı öz üzərinə götürərək Azərbaycanı məhv
olmaq təhlükəsindən xilas etdi.
Üçüncü və bəlkə də ən mühüm amil Ulu Öndərin
Azərbaycan xalqına, Vətəninə və dövlətinə olan sonsuz sevgisi idi. Onun bütün
siyasi fəaliyyəti şəxsi maraqlardan deyil, milli maraqlardan qaynaqlanırdı.
Heydər Əliyev üçün dövlətçilik sadəcə idarəçilik məsələsi deyil, müqəddəs bir
missiya idi. O, Azərbaycanın müstəqilliyini xalqın ən böyük tarixi nailiyyəti
hesab edir və bu nailiyyətin qorunmasını həyatının əsas məqsədi kimi görürdü.
Ulu Öndərin “Mənim həyatım da, fəaliyyətim
də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin
bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri onun Vətənə bağlılığının
və dövlətçilik fəlsəfəsinin ən dolğun ifadəsidir. Bu sözlər sadəcə bəyanat
deyil, sonrakı illərdə həyata keçirilən siyasətin və əldə olunan nəticələrin
mahiyyətini açıqlayan tarixi həqiqətdir.
Məhz bu üç amilin vəhdəti Milli
Qurtuluşun uğurunu təmin etdi. Xalqın etimadı Heydər Əliyevə güc verdi, onun zəngin
dövlətçilik təcrübəsi böhrandan çıxış yolunu müəyyənləşdirdi, Vətənə və xalqa
sonsuz sevgisi isə bütün fəaliyyətinin əsas hərəkətverici qüvvəsinə çevrildi. Nəticədə
Azərbaycan dövlətçiliyi qorundu, sabitlik bərpa edildi, inkişafın möhkəm təməli
yaradıldı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər – iqtisadi qüdrətin artması,
beynəlxalq nüfuzun yüksəlməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və
dövlət suverenliyinin tam bərpa olunması Ulu Öndərin müəyyən etdiyi strateji
kursun uğurunu təsdiqləyir. Müasir Azərbaycanın qazandığı bütün nailiyyətlərin
təməlində də həmin üç mühüm amil – xalqın birliyi, güclü liderlik və Vətənə sədaqət
dayanır.
Tarixi şəxsiyyətlərin böyüklüyü onların
yaşadıqları dövrlə deyil, yaratdıqları irslə ölçülür. Heydər Əliyevin tarixi
missiyası da məhz bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Xalqın sarsılmaz etimadı,
böyük dövlətçilik təcrübəsi və Vətənə sonsuz sevgisi sayəsində Ulu Öndər Azərbaycanı
ən ağır sınaqlardan çıxararaq müstəqil dövlətimizin gələcəyini təmin etdi. Bu
tarixi missiyanın nəticələri isə bu gün güclü, qalib və tam suveren Azərbaycanın
timsalında yaşayır.
Elmira Kazımova,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədri
Neftçala Rayon Mədəniyyət Mərkəzinin
direktoru
Digər xəbərlər



